Meriya“Kəndə Dəstək Proqramı”-na yerli büdcədən yarım milyon lari ayırmağı planlaşdırır
Marneuli merinin birinci müavini Roin Dekanoidze “Maestro” kanalının efirində “Kəndə Dəstək Proqramı” çərçivəsində həyata keçiriləcək layihələr haqqında danışıb. Merin müavininin sözlərinə görə, Marneulinin 77 kəndində indiki mərhələdə əhali ilə görüşlər başa çatıb və layihələşdirmə prosesi aparılır.

“Sizə demək istəyirəm ki, layihələrin 90%-i artıq tamamlanıb. Müəyyən prosedurlardan keçdikdən sonra işə başlayacağıq. Ümumilikdə, bu layihəyə mərkəzi büdcədən 1 232 000 lari ayrılıb, demək istəyirəm ki, yerli büdcədən bu layihələrə yarım milyon lariyə qədər vəsait əlavə olunacaq, çünki bəzi hallarda əhalinin seçdiyi layihənin başa çatdırılması üçün qarşılıqlı maliyyələşdirməyə ehtiyac var”, – Roin Dekanoidze bildirib.

Marneuli merinin müavininin bildirdiyinə görə, əhali kənd yığıncaqlarında fəal iştirak edib və gender balansı qorunub.

“Həmçinin, demək istəyirəm ki, əhali görüşlərdə fəal iştirak edirdi, eləcə də müxtəlif həssas qruplar, fiziki imkanları məhdud şəxslər, aztəminatlılar və s. də qoşulmuşdu. Gender balansı da qorunurdu. Marneuli bələdiyyəsində fəaliyyət göstərən “Qadın otağı”-nın nümayəndələri, eləcə də Gender Şurasının üzvləri fəal iştirak edirdilər. Bu öz nəticəsini verdi və qadınların təqdim etdiyi 6 layihə qəbul edilib. Həmin layihələr mütləq tamamlanacaq və alqışlanmalıdır".

Roin Dekanoidzenin sözlərinə görə, son bir neçə ildə Marneuli Bələdiyyəsində “Kəndə Dəstək Proqramı” fəaliyyət göstərir və bu proqram çərçivəsində yolların bərpası, küçə işıqları, qəbiristanlıqların hasarlanması, suvarma kanallarının təmizlənməsi/bərpası və digər layihələr həyata keçirilir.

Prioritetlərin seçilməsi məqsədilə 12 fevral tarixindən 26 fevral tarixinə qədər əhali ilə görüşlər keçirilib. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan 1 232 000 lari ayrılıb. Məbləğ əhaliyə uyğun olaraq kəndlər arasında bölüşdürülüb. Hər kənd üçün minimum 10 000, maksimum isə 20 000 lari nəzərdə tutub.

Print Email
FaceBook Twitter Google