Marneulidə 55 yaşlı qadında koronavirus aşkarlanıb

 


Marneulidəki “Geo Hospitals” klinikasında bir nəfərdə koronavirus təsdiqlənib.

“Geo Hospitals”-ın kliniki direktoru Tata Şenqelaianın “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, 4-5 aprel tarixlərində klinikaya koronavirus simptomları ilə 6 pasiyent gətirilib. Onların analizlərinin cavabları bu gün, 6 aprel tarixində məlum olub.

“Marneuli rayonundan bir nəfərdə – 55 yaşlı qadında virus aşkarlanıb. O, artıq Tbilisiyə aparılıb. Digər pasiyentlərdə virus təsdiq olunmayıb”, – Tata Şenqelaia dedi.

3 aprel tarixində Marneulidəki səhra xəstəxanasında və “Geo Hospitals”da koronavirusa görə götürülmüş 10 analizdən isə yalnız birində – Bolnisidən olan pasiyentdə yoluxma halı qeydə alınmışdı.

4 aprel tarixində Marneulidə, “Geo Hospitals” ərazisində quraşdırılmış səhra xəstəxanası ləğv olunub. Səhra xəstəxanasının sökülməsi qərarı “Geo Hospitals”-ın karantin müddətinin başa çatmasına görə verilmişdi.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan edilmişdi. Bu barədə Gürcüstan baş naziri Qiorqi Qaxaria bəyan etmişdi.

31 mart tarixində isə bütün Gürcüstan ərazisində komendant saatı elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən çıxmaq qadağan olunur.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər