İstanbul şəhərində yerləşən kilsəyə silahlı hücum olub
Türkiyə hakimiyyəti İstanbulda kilsədə dini ayin zamanı bir nəfərin ölümü ilə nəticələnmiş silahlı hücumdan sonra iki nəfərin saxlandığını bildirir. Daxili işlər naziri Ali Yerlikaya həmin şəxslərin "İslam Dövləti" (İŞİD) qruplaşmasına bağlı ola biləcəyini deyib.

Silahlı hücum yanvarın 28-də səhər saatlarında İstanbulun Sarıyer rayonunda "Santa Mariya" italyan kilsəsində baş verib. Silahlıların hədəfə aldığı bir türkiyəli həlak olub.

Yerlikaya jurnalistlərə deyib ki, İstanbulda azı 30 məkanda reydlər keçirilib, indiyədək 47 nəfər saxlanılıb. Şübhəlilərin bu reydlərin birində saxlandığı bildirilir.

“Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib. 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür.

İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq”,
- deyə o bildirib.

İŞİD məsuliyyəti götürüb

İŞİD daha öncə Telegram-da bu hücuma görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma qeyd edib ki, liderlərinin yəhudiləri və xristianları hədəfə almaq çağırışına cavab veriblər.

Kilsə daxilindən "Reuters"in dəqiqləşdirdiyi CCTV görüntülərində maskalı silahlıların binaya daxil olduğu, onların qarşısından keçən kişiyə atəş açdığı görünür. Silahlılar dərhal da oranı tərk edirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan kilsənin keşişinə zəng vuraraq başsağlığı verib, dəstəyini ifadə edib.

İŞİD indiyədək Türkiyədə saysız hücumlar gerçəkləşdirib. 2017-ci il yanvarın 1-də İstanbulda gecə klubuna hücumda 39 nəfər həlak olub.

Yerlikaya deyib ki, 2023-cü ilin iyunundan bəri İŞİD-ə bağlı olmaqda şübhəli sayılan azı 2 min nəfər saxlanılıb, 529 nəfər isə həbs olunub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər