Marneuli yerli özünüidarəsi Avro 2024-də Gürcüstan oyunlarını izləmək üçün məkan yaradacaq
Bu gün, 27 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclası Gürcüstan yığmasının qələbəsinin təbrik edilməsi ilə açıldı. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze sakinləri 26 mart tarixində Tbilisidə Gürcüstan yığmasının Yunanıstan yığmasını məğlub etməsi və tarixdə ilk dəfə Avropa çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

“Bu oyunda Gürcüstan qələbə çalıb və Avropa çempionatında iştirak etmək hüququ qazanıb. çempionat Almaniyada, çox möhtəşəm ölkədə keçiriləcək. Bu bizim hər birimiz üçün tarixi gündür. Mən bizim komandamıza, Gürcüstan yığmasına fədakarlıq, ölkə sakinlərinə bu qədər sevinc və emosiya verdiklərinə görə, minnətdarlığımı bildirirəm. Dünən bizim milli stadionda, Dinamo Arenada, paytaxtda, bütün şəhərlərdə nə baş verdiyini gördük. Həmçinin, bizim bələdiyyədə də gənclər öz emosiyalarını göstərdilər və bütün ailələrdə çox böyük sevinc var idi”, - Amiran Qiorqadze bildirdi.

Marneuli Bələdiyyə Məclisinin sədri sakinlərə vəd verib ki, Avropa çempionatında Gürcüstan yığmasının birinci görüşünü Marneulidə xüsusi olaraq yaradılmış məkanda, canlı yayım vasitəsilə izləmək mümkün olacaq.

“Biz yerli özünüidarə olaraq qərar qəbul etdik ki, Avropa çempionatı başlayanda Marneulidə məkan seçiləcək, orada böyük monitor quraşdırılacaq və birlikdə bizim milli yığmamıza azarkeşlik etmək imkanımız olacaq. Azarkeşlər, gənclər üçün əyləncəli proqram da olacaq. Oyun başlayana qədər yığmamıza azarkeşlik etmək üçün yaxşı hazırlaşmalıyıq”, - Amiran Qiorqadze bildirdi.

Bələdiyyə Məclisinin sədri ilə yanaşı Marneuli meri Kənan Ömərov da Bələdiyyə Məclisinin iclasında vətəndaşları təbrik edib.

“Mən hamını salamlayıram və bu tarixi qəbələni təbrik edirəm. Dünən bizim futbol yığmasının qələbəsi vacib, mühüm və tarixi qələbə idi. Onlara bu qələbə üçün minnətdarlığımı bildirirəm və eləcə də bizim yığmanın yanında olan hər kəsə minnətdaram. Onlara uğurlar və daha çox qələbə arzu edirəm”, – Kənan Ömərov dedi.

Gürcüstan-Yunanıstan arasında futbol oyununun taleyi 11 metrlik seriyada həll olunub, Gürcüstan yığması Yunanıstan yığmasını 4:2 hesabı ilə məğlub edib. Avro 2024 Almaniyada keçiriləcək. Gürcüstan yığması F qrupunda Türkiyə, Çexiya və Portuqaliya ilə qarşılaşacaq.

Bələdiyyə Məclisinin bu gün, 27 mart tarixində baş tutan iclasında ümumilikdə 8 məsələ müzakirəyə çıxarıldı. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.


Foto: Rəşan Ziyadəliyev


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google