Dmanisi Kvemo Kartlidə yeganə bələdiyyədir ki, etnik
azərbaycanlılar bələdiyyənin veb-səhifəsindən Azərbaycan dilində
məlumat ala bilirlər.
Sayta Azərbaycandilli bölmə iki ay əvvəl, Dmanisi bələdiyyəsinin
meri Koba Muradaşvilinin təşəbbüsü ilə əlavə olunub.
Dmanisi meriyasının mətbuat xidmətinin rəhbəri Mariam Muradaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, dil baryeri
onların bələdiyyəsində bu günə qədər problemdir və sakinlərin
məlumatlandırılması onlar üçün prioritetdir.
“Bildiyiniz kimi, Dmanisi bələdiyyəsində etnik
azərbaycanlılar yaşayırlar. Bizim üçün dil baryeri problem olaraq
qalır və dövlət bunun üçün müxtəlif proqramlar həyata keçirir. Ona
görə də merin təşəbbüsü ilə bələdiyyədə yayımlanan, hökumətin
dəstəyi ilə həyata keçirilən layihələr, proqramlar və ümumiyyətlə
bütün yeniliklər bizim veb-səhifəyə Azərbaycan dilində də
yerləşdirilir ki, hamı üçün məlumat əlçatan olsun. Eləcə də
təxminən 2 aydır, Dmanisi qəzeti çıxır, qəzet gürcü və azərbaycan
dillərində çap olunur. Yarım il olar ki, sayt üzərində işləməyə
başlamışıq. Bilirsiniz ki, material çox böyük idi, ona görə vaxt
bir az uzandı, mərhələli şəkildə tam tərcümə edirik ki, sənədlər də
tərcümə olunsun, öz dillərində tam məlumat alsınlar. Biz istəyirik
ki, bələdiyyədə həyata keçirilən hər şey barədə bizim
həmvətənlərimizin də məlumatı olsun”.
Mariam Muradaşvili bildirir ki, Dmanisi bələdiyyəsinin
veb-səhifəsində gürcü dilindən başqa Azərbaycan dilində məlumat
əldə etmək düyməsi əlavə olunduqdan sonra sakinlərin proseslərə
qoşulması artıb.
“Xüsusilə sosial şəbəkələrdə fəaldırlar və
paylaşımlarla bağlı da fəallıq hiss olunur. Saytda fəallığı və
baxış sayını aydın görürük. Bunlar hamısı isə hər bir sakinə dəqiq
məlumat çatdırmağa dəstək olur. Həqiqətən fəallıq
var”.
Dmanisi kimi Marneuli, Bolnisi, Tsalka, Tetritskaro və Qardabani də
etnik azlıqların məskunlaşdığı bələdiyyələrdir. Ancaq
bələdiyyələrin veb-səhifələrində gürcü dilindən başqa dildə məlumat
görmək mümkün deyil.
Marneuli meriyası Azərbaycan dilində məlumatı yalnız sosial
şəbəkədə, feysbukda yayımlayır. Marneuli bələdiyyəsinin rəsmi saytı
2016-cı ildən yenilənməyə başlayıb. 2018-ci ildə Temur Abazovun
Marneuli meri olduğu dövrdə sayta azərbaycandilli versiyanın
düyməsi də əlavə olunmuşdu. Amma düymə fəaliyyətsiz idi və bir
müddət sonra yoxa çıxdı.
Marneuli meriyası saytı yeniləməyə bu il də qərar verib, yeni
veb-səhifəni sadələşdirilmiş tenderlə 7500 lariyə yaradırlar. Sayt
indiki mərhələdə yalnız gürcü dilində olacaq. Müqavilənin texniki
tapşırığına görə, saytın dizaynında bələdiyyə loqosu və adı
olmalıdır. Eləcə də saytda gürcü və ingilis dilləri arasında
çevirmə fəaliyyətinə dəstək olmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415