5 iyun tarixində sosial şəbəkədə fotoşəkil yayımlanıb. Şəkildə
Daxili İşlər naziri Vaxtanq Qomelauri, Marneuli və Hucabinin
yepiskopu Qiorqi (Camdeliani), Marneuli Bələdiyyə Məclisinin sədri
Amiran Qiorqadze və Parlamentin keçmiş deputatı Tamaz Naveriani əks
olunub.
Marneulinin keçmiş majoritar deputatı Tamaz Naveriani “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, görüşdə siyasi proseslərdən
söhbət açılmayıb.
“Yepiskop dua mərasimi keçirirdi (პარაკლისი) və bununla
əlaqədar məni də dəvət etmişdilər. Mənimlə başqa heç nə barədə
söhbətləri olmadı və ümumiyyətlə siyasi proseslərdən də söhbət
açılmadı”, – Tamaz Naveriani bildirdi.
“Marneuli” radiosunun 5 iyun tarixində keçirilmiş görüşün Yepiskop
Qiorqi və Marneuli Bələdiyyə Məclisinin sədrinin barışması ilə
əlaqəli olub-olmaması ilə bağlı sualına cavab olaraq Naveriani
bildirdi ki, o, yalnız dua mərasimində iştirak edib, başqa məlumatı
yoxdur.
“Əgər kimsə haradasa barışırsa, bu çox yaxşıdır. Ancaq
bununla bağlı məlumatım yoxdur. Məni dua mərasiminə dəvət
etmişdilər, getdim və gəldim. Adi qaydada iştirak etdim. Kim
kiminlə barışır, bu mənim işim deyil və bu şəxsən onların
işidir”, – Tamaz Naveriani dedi.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Marneuli və
Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) “Marneuli” radiosunun
zənglərinə cavab vermir. “Marneuli” radiosu Daxili İşlər
Nazirliyindən Daxili İşlər nazirinin Marneuli və Hucabi
Yeparxiyasına hansı məqsədlə gəldiyi ilə bağlı məlumat
gözləyir.
Qeyd edək ki, 9 oktyabr 2020-ci il tarixində Marneuli və Hucabinin
Yepiskopu Qiorqi “Marneuli” radiosuna bildirmişdi ki, bələdiyyədə
ona qarşı məqsədyönlü şəkildə böhtan kampaniyası aparılır.
“Burada bir qrup var ki, bugünkü “Gürcü Arzusu”-nun
qərargahında, yerli “Gürcü Arzusu”-nun qərargahında toplaşmış
şəxslərdir. Gülməlidir ki, seçkiqabağı dövrdə belə böhtan
kampaniyası ilə məşğuldurlar və məqsədyönlü şəkildə xalqı səhv yola
yönləndirirlər. Bəzisindən aldatmaqla, bəzisindən uydurulmuş
ittihamla, bəzisindən də təzyiqlə imza toplayırlar. Bu təsidqlənmiş
faktdır… indiki mərhələdə ad və soyadları qeyd etmək istəmirəm.
Onun da zamanı gələcək və bu barədə danışacağam”, –
Yepiskop Qiorqi 9 oktyabr tarixində “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirmişdi.
9 oktyabr tarixində Marneuli və Hucabinin yeparxiyasının “Facebook”
səhifəsində xüsusi bəyanat yayımlanmışdı. Bəyanatda deyilirdi ki,
Yepiskop Qiorqi Camdelini “Gürcü Arzusu”-nun üzvü Temur Şubitidzeni
döyməkdə ittiham edirlər və onun istefa etməsi tələbi ilə
bələdiyyədə imza toplayırlar.