Bolnisi bələdiyyəsinin Qoçulu (Capala) kəndinin sakinləri suvarma
suyunun olmamasından şikayətlənirlər. Buna görə də kənd sakinləri
bu gün, 29 iyun tarixində kəndin mərkəzinə toplaşaraq, etiraz
aksiyası keçiriblər.
Sakinlərin sözlərinə görə, 2000-ci illərdə məhsullarını suvarılması
üçün öz hesablarına suvarma kanalı çəkiblər. Amma bu gün həmin su
kanalından istifadə edə bilmirlər. Buna görə də, məhsulları
susuzluqdan yanaraq, məhv olur.
Əhalinin dediyinə görə, Cəfərli kəndində Şota İobaşvili adlı
sahibkar suvarma kanalının qarşısını kəsərək, Cəfərli, Qoçulu və
İmirhəsən kəndlərinə suyun verilməsinə maneçilik törədir.
Sakinlərin sözlərinə görə, illərdir ki, həmin sahibkara su pulu da
ödəyirlər. Amma yay fəsli gələndə məhsullarını suvara bilmirlər.
İndi əhalinin əsas tələbi odur ki, həmin su kanalı “Gürcüstan
Meliorasiya” idarəsinin balansına keçsin. Ümid edirlər ki, bəlkə
bundan sonra onların su problemi həll olunar.
Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti orqanlara, hətta yerli
hakimiyyətə müraciət etsələr də, problem öz həllini tapmayıb.