Gürcüstanda yeniyetmələrin üçdəbiri qumar oynayır və ölkənin hər
üçüncü vətəndaşının oyunlar üçün hesabı var.
Bu barədə Gürcüstanda yeniyetmələr və gənclər arasında qumar
asılılığı ilə bağlı aparılan araşdırmada deyilir.
Bildirilir ki, ölkədə müxtəlif onlayn qumar platformalarında
Gürcüstan vətəndaşlarına məxsus 1 milyondan çox hesab qeydiyyatdan
keçib və demək olar hər üçüncü vətəndaşın hesabı var.
Hesabatın nəticələri yeniyetmələrin qumara çox cəlb olunması
problemini ortaya qoyur. Məlumata görə, yeniyetmələrin 31 faizinin
oyun təcrübəsi var.
Gürcüstan hökuməti yeniyetmələr arasında qumar oyunlarının
artmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlər tətbiq
etmək niyyətindədir.
Vurğulanır ki, 2024-cü il iyulun 1-dən Gürcüstanda qumar oyunlarına
daha sərt məhdudiyyətlər tətbiq olunacaq. İnzibati Xətalar
Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, yaşı 25-dən az olan
Gürcüstan vətəndaşları və 18 yaşınadək əcnəbi vətəndaşlar, habelə
qumar oyunlarında iştirakı qadağan edilən şəxslər onlayn rejimdə
oyunlar oynaya bilməyəcəklər.
Bu cür şəxslərin onlayn qumar oynamalarına icazə verənlər 10 min
lari məbləğində cərimə olunacaq. Bu hal təkrarlanarsa, cərimənin
miqdarı 20 min lari olacaq.
Bundan əlavə, 2024-cü il iyulun 1-dən internet kafelər də onlayn
qumar oyunlarının təşkilinə görə cərimələnəcək. Bu cür hərəkətə
görə cərimə 15 min lari, təkrar pozuntu isə 30 min lari məbləğində
olacaq.
Mənbə: azertac.az