Pandemiyaya görə Gürcüstanda qalan şəxslər Azərbaycana necə gedə bilər
73 yaşlı Sara Bayramova 30 ildir ki, Azərbaycanda yaşayır. Əslən Tblisidəndir. O, bu ilin martın 13-də Gürcüstana gəlib. 15 martda geri qayıdan zaman isə pandemiyaya görə Azərbaycana getməyə icazə verməyiblər. İndi o köməksiz vəziyyətdə qalıb. Sara Bayramova deyir ki, onun ailə üzvləri Bakıdadır. O, indi ailəsinin yanına qayıtmaq istəyir və hara müraciət edəcəyini bilmir.

“Mən Gürcüstan vətəndaşıyam. Bura vətəndaşı olmağımla yanaşı 30 ildir ki, Azərbaycanda yaşayıram. Uşaqlarım da, yoldaşım da ora vətəndaşıdır. Mənim burada evim olduğuna görə, məni vətəndaşlıqdan çıxarmadılar. Buranın vətəndaşlığında qaldım. Orada daimi qeydiyyatım var. Yenə də 5 illik ora qeydiyyatındayam. Yaşamağa ixtiyarım var. Mən kömək istəyirəm ki, geri Bakıya qayıdım”, – Sara Bayramova dedi.

Sara Bayramovanın dediyinə görə, üç aydan artıqdır ki, Gürcüstanda qalıb. O, indi Azərbaycana qayıtmaq üçün aidiyyəti orqanlardan kömək istəyir.

“Balalarım orada, mən burada qalmışam. İndi mən orda-burda qalıram. Xahiş edirəm mənə kömək edin. Mənə izah edin, başa salın ki, hara gedim, nə edim. O qədər xüsusi avtobuslar gedir. Burada qalan millətə kömək edirlər. Bununla bağlı heç bir yerə müraciət etməmişəm. Bu gün dedilər ki, xüsusi avtobuslar var, mənim kimi burda qalanları göndərirlər. Harasa müraciət edəndə hansı sənədlər lazımdır, bilmirik, bu haqda da məlumat istəyirik”, – Sara Bayramova dedi.

Azərbaycanın Gürcüstandakı səfirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, hər-hansı Gürcüstan vətəndaşının Azərbaycanla əlaqəsi varsa, yəni daimi yaşayış üçün qeydiyyatı olarsa, o şəxslər Azərbaycana gedə bilər. Bunun üçün vətəndaşlar Azərbaycanın Gürcüstandakı səfirliyinə xarici pasportunun və daimi yaşayış üçün aldığı sənədinin şəkilini +995 577 31 23 21 “whatsapp” nömrəsinə göndərməlidir. Bundan sonra vətəndaşın müraciəti qəbul olunur və qeydiyyatdan keçən şəxs Azərbaycana gedə bilər.

Təxliyəsi planlaşdırılan vətəndaşından PCR testləri götürülür. Analizlərin cavabı neqativ olan şəxslər Azərbaycana xüsusi avtobuslarla yola salınır. Təxliyə olunan şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı da bildirilir. Testin cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.

Print Email
FaceBook Twitter Google