Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda
partlayış olub.
Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zavodda baş
vermiş partlayışla bağlı araşdırma aparılır.
Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin
tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi
barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il
təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü
Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov
Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması
müəyyən edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə
olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik
mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi
ehtimal edilir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Mənbə: trend.az