Bakıda keçiriləcək peşəkar yarışda Gürcüstan idmançısı da iştirak edəcək
“Mixfight” təşkilatının təşkilatçılığı ilə 10 sentyabr tarixində Bakı şəhərində peşəkar yarış keçiriləcək. Yarış Milli Gimnastika Arenasında baş tutacaq. Həmin yarışda Gürcüstanı Qardabanili idmançı Emil Xəlilov təmsil edəcək.

“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Emil Xəlilov 65 kq çəki dərəcəsində mübarizə aparacaq.

“Gürcüstan Milli yığmasının üzvü, dəfələrlə Gürcüstan çempionu olan, Kvemo Kartli regionun ən fəal idmançısı sayılan Emil Xəlilov bu yarışda 65 kq çəki dərəcəsində Türkiyəli tanınmış idmançı Nuri Kaçarla döyüşəcək. Emilin döyüşdüyü “superfight”da fərqlənən idmançılar növbəti mərhələyə lisenziya qazanacaqlar. Emildən gözləntimiz ondan ibarətdir ki, öz idmançımızı da, onun rəqibini də dəyərləndiririk. Göz önünə qoyanda, öz idmançımızın üstünlüyünü hiss etdik. Biz idmançımızda üstünlük görürük”.

Əkbərovun sözlərinə görə, onların idmançıları beynəlxalq yarışlara çıxanda çətinliklərlə üzləşirlər. Belə ki, kommersiya məqsədi daşıyan döyüşlərə onlar idmançılara göndərə bilmirlər.

“Peşəkar yarışlar kommersiya məqsədli olduğuna görə, dövlət və ya digər aidiyyəti qurumlar rəsmi olaraq hər hansı idmançıya köməklik edə bilmirlər. Ancaq özəl sponsor və imkanlı şəxslər bu işlərə kömək göstərə bilərlər. Amma çox təəssüflər olsun ki, biz regionumuzu təmsil etsək də, Gürcüstanda Azərbaycanlar arasında barmaqla sayılacaq qədər idmançılarmız var. Onlara dəstək verən yoxdur. Regionda kifayət qədər imkanlı iş adamları var. Hansı ki, maksimum idmançı ayıracaq vəsait imkanlı şəxslər üçün heç nədir. Ona görə də, biz bu gün çox çətinlik çəkirik. İdmançının məşqə ayıracaq proteinlər, ondan sonra idman qidaları və s. bunlarla bağlı ciddi problemlər yaşayırıq”.

Qeyd edək ki, 10 sentyabr gecəsində baş tutacaq döyüşdə 10 yarış keçiriləcək. Həmin yarışda Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən, “Mauqli” ləqəbli Zabit Səmədovun vida döyüşü olacaq. Zabit Səmədov “Yekəayaq” ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq. Milli Gimnastika Arenasında baş tutacaq döyüşlərin hər biri 3 dəqiqədən ibarət olmaqla 3 raund üzrə keçiriləcək.

Print Email
FaceBook Twitter Google