Marneulili veteran cüdoçular Gürcüstan çempionatında uğurla çıxış ediblər
13 may tarixində Tbilisidə yerləşən Cüdo Akademiyasında veteranlar arasında Gürcüstan çempionatı keçirilib. Çempionatda Marneulili veteran cüdoçular da iştirak ediblər. Marneuli İdman Məktəbinin məlumatına görə, veteranlar arasında keçirilən yarışda Marneulili idmançılar iki qızıl, iki bürünc və bir gümüş medalı qazanıblar.

“73 kq çəki dərəcəsində 64 yaşlı Qiqla Tsipiani və 90 kq çəki dərəcəsində 53 yaşlı Emzar Kaldani birinci yerə layiq görülüblər. 81 kq çəki dərəcəsində 30 yaşlı Levan Davadze ikinci yerə çıxıb. Daha iki idmançı — 73 kq çəki dərəcəsində 31 yaşlı Rza Abbasov və 73 kq çəki dərəcəsində 31 yaşlı Şalva Jorjoliani üçüncü yeri qazanıblar”, – məlumatda deyilir.

İdman məktəbinin məlumatında o da qeyd olunub ki, idmançılar gələcəkdə öz güclərini beynəlxalq yarışlarda sınayacaqlar.

“Onların hər biri Marneuli İdman Məktəbinin təlim-məşq prosesində fəal iştirak edir və gələcək nəsil üçün idmançılar yetişdirirlər. Ümid edirik ki, Marneuli və Gürcüstanın adını beynəlxalq arenada dəfələrlə ucaldacaqlar. Avropa və Dünya çempionatlarında mübarizə aparacaq Gürcüstanın veteran cüdoçu komandası qaliblərdən təşkil olunub. Marneuli İdman Məktəbi qazandığı uğurlara görə idmançılara təşəkkür edir!”

Çempionatın sonunda idmançılara medal, kubok və sertifikatlar təqdim olunub.

Print Email
FaceBook Twitter Google