Marneulili idmançı Batumidə keçirilən Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatında bürünc medal qazanıb
12-16 dekabr tarixlərində Batumi şəhərində kişilər arasında Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatı keçirilib. Çempionatda Marneulili idmançı Rəşad Orucov da iştirak edib. O, çempionatda üçüncü yeri tutaraq, bürünc medalın sahibi olub. Rəşad Orucov böyüklər arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Marneulili idmançı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Batumidə keçirilən yarışda hədəfi çempion olmaq idi.

“Batumidə kişilər arasında keçirilən Gürcüstan çempionatında üçüncü yerə çıxdım. Hədəf çempionluq idi. Amma yarımfinal görüşündə bəzi səhvlərimə görə məğlub oldum. İnşallah bundan sonra 23 yaşlılar arasında Gürcüstan çempionatı olacaq. Tam gücümlə orada iştirak edəcəyəm. Bu üçüncülüyü – bürünc medalı orada qızıl medala çevirməyə çalışacağam”, – Rəşad Orucov bildirdi.

Orucovun sözlərinə görə, o, indi 2023-cü ildə planlaşdırılan 23 yaşlılar arasında Gürcüstan birinciliyinə hazırlaşır. O, ümid edir ki, həmin yarışda yaxşı nəticələr əldə edəcək.

Qeyd edək ki, Batumi İdman Sarayında keçirilən Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatında 10 komanda iştirak edib.

Xatırladaq ki, əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov Yunan-Roma güləşi üzrə Gürcüstan milli yığma komandasının üzvüdür. O, 2022-ci ildə Almaniyanın “SVG Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayaraq, 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya klubunu təmsil edib.

Rəşad Orucov 2022-ci ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23 yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da Gürcüstan yığma komandasının tərkibinə düşmüşdü. Rəşad Orucov bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb.

2022-ci ilin 23-25 dekabr tarixlərində Batumi şəhərində Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatında iştirak edən Rəşad Orucov çempionatda üçüncü yeri tutaraq, bürünc medalın sahibi də olmuşdu.

Print Email
FaceBook Twitter Google