Tbilisidə “Budo döyüş növləri” üzrə açıq beynəlxalq çempionat keçirilib (FOTO)
21-25 dekabr tarixlərində Tbilisidə “Budo döyüş növləri” üzrə açıq beynəlxalq çempionat keçirilib. Çempionatda Marneulidə fəaliyyət göstərən dörd idman məktəbinin idmançıları da iştirak ediblər.

Yarışda “Barlas” döyüş klubunun 10 idmançısı iştirak edib. Döyüş klubunun rəhbəri Faiq Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi klubun 6 idmançısı qələbə qazanıb.

“Yarışa 10 idmançı ilə qatılmışdım. Onlardan 3 dünya kubokunun qalibi oldu. Biri dünya ikincisi oldu və iki idmançım isə dünya üçüncüsü oldular. Nəticələr belədir. Peşəkar kəmərin qalibi 74 kq çəki dərəcəsində Məhəmməd Əhmədov oldu. Bundan başqa Yılmaz Mikayılov ( 40 kq) I yeri, İsnar Hüseynov (68 kq) I yeri, Səccad Əhmədov (62 kq) II yeri, Raul Musayev (54 kq) III yeri, Amin Mehdiyev (32 kq) III yeri qazandılar”.


Marneuli rayonunun Lejbəddin kəndində fəaliyyət göstərən Cəlil Səfərov adına idman klubundan 6 idmançı yarışda iştirak edib. Klubun baş məşqçisi Namiq Səfərovun sözlərinə görə, onun idmançıları uğurla çıxış ediblər.

“Mənim iki idmançım - Nazim Səfərov və Əli Məcidov qızıl, iki idmançım - Balakişi Vəliyev və Elmir Allahverdiyev isə gümüş medal qazandılar. İki idmançım isə peşəkar yarışda iştirak etdilər. Böyüklər arasında keçirilən yarışda Rəvan Koxayev və Elnur Məmmədov BUDO təşkilatının kəmərinə sahib oldular”.


6 idman növü üzrə keçirilən yarışda peşəkar döyüş də keçirilib. Peşəkar döyüşdə iştirak edən “Marneuli MMA” klubunun müəllimi Ramil Yolçuyev də gücünü sınayıb. O, İranlı idmançı ilə üz-üzə gəlib.

“Marneulidən peşəkar döyüşdə iştirak edən təkcə mən idim. Mən MMA üzrə döyüşdüm. Rəqibim İranlı Əli Estek idi. Onunla 84 kq çəki dərəcəsində, iki raund döyüşdüm. Hakimlərin hesablarına görə qalib gəldim”.


“Budo Döyüş Kuboku” uğrunda keçirilən çempionatda Marneuli İdman Məktəbinin idmançıları da iştirak ediblər. İdman məktəbinin müəllimi Azər Məmmədovun sözlərinə görə, onun idmançıları iki peşəkar döyüşdə iştirak edib.

“Mənim iki idmançım iki peşəkar döyüşdə iştirak etdi. Seygah Əsgərov 80 kq çəki dərəcəsində çempion oldu. O, K-1 üzrə BUDO təşkilatının kəmərinə sahib oldu. Daha bir idmançım – 56 kq çəki dərəcəsində döyüşə çıxan Firudin Tanrıverdiyev boks üzrə BUDO təşkilatının kəmərini qazandı”.


Çempionatda Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər. Klubun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun 8 tələbəsi yarışda iştirak edib.

“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar. Mənim idmançılarım k-1 üzrə döyüşdülər. Onlardan 5-i birinci, 2-si ikinci və 1 idmançım isə üçüncü oldu”, – Şahin Bəxtiyarov dedi.


“Dünya Budo Döyüş Növləri Federasiyası”-nın təşkilatçılığı ilə keçirilən yarışda Gürcüstan idmançıları ilə yanaşı Azərbaycan, Türkiyə, İran, İraq, Mərakeş və Hindistan idmançıları da iştirak edirdilər.

Print Email
FaceBook Twitter Google