Gürcüstanda koronavirus yayıldıqdan sonra toy və yas mərasimlərin
keçirilməsinə məhdudiyyətlər qoyuldu. Hal-hazırda da toyların
keçirilməsinə icazə verilmir.
Buna görə də bu gün, 22 dekabr tarixində bir qrup toy musiqiçiləri,
fotoqraf və operatorlar Ağməmmədli kəndinin mərkəzinə toplaşaraq
dövlətdən kömək istəyiblər.
Təkəli kəndində yaşayan qarmon ifaçısı Ceyhun Məmmədov “Marneuli”
radiosu ilə söhbəti zamanı deyir ki, onun ailəsi 7 nəfərdən
ibarətdir. Əvvələr ailəsini toylara gedərək dolandırırmış. Amma
indi o, ailəsini dolandırmaqda çətinlik çəkir.
Qasımlı kəndində yaşayan digər musiqiçi Məhərrəm Səmədov deyir ki,
onun övladları təhsil alır və onların oxutmaqda çətinlik çəkir.
Ağməmmədli kəndinin mərkəzinə toplaşan musiqiçilər deyir ki, onlar
pandemiya zamanı dövlətdən sadəcə 300 lari birdəfəlik yardım
alıblar.
Ağməmmədli kəndinin mərkəzinə toplaşan toy musiqiçiləri ümid edir
ki, hakimiyyət onların səsini eşidəcək və onlara da dəstək
olacaq.
Qeyd edək ki, toylar, ad günləri və bu kimi sosial toplantıların
keçirilməsinə 4 noyabr tarixindən qadağa qoyulub. 10 nəfərdən artıq
insanın bir araya toplanılmasına isə icazə verilmir.