Tbilisidə gənc rəssam Şənay Sadiqin “Dünya mifologiyaları və
mədəniyyət” adlı fərdi sərgisi açılıb.
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin
təşkilatçılığı ilə Axundov İncəsənət Qalereyasında təşkil olunan
tədbir 18 May - Beynəlxalq Muzeylər Gününə həsr edilib.
Sərgidə Yunanıstan, Misir, Skandinaviya ölkələri, Türkiyə,
Hindistan mifologiyasına aid Paseydon, Zevs, Alahçın xatun, Asena
kimi mifik personajlar və müxtəlif motivlərin təsvir olunduğu akril
boya ilə çəkilmiş 15 əsər təqdim edilib.
Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib ki,
bugünkü sərgi istedadlı rəssamın ilk fərdi sərgisidir. O, muzey
adından Ş.Sadiqə sənət uğurları arzulayıb.
Ş.Sadiq 9 yaşından rəssamlıqla hobbi kimi məşğul olduğunu bildirib:
"15 yaşından rəssamlığı özüm üçün peşə kimi seçdim.
Məktəb illərimdən miflər haqqında elmə böyük marağım olub.
Mifologiya personajları və motivlərinə rəsmlər həsr etmək arzum
olub. Bugünkü sərgidə əsərlərimi təqdim etməklə arzum həyata keçmiş
oldu".
O, sərginin ərsəyə gəlməsinə dəstək göstərmiş M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti Muzeyinə təşəkkürünü bildirib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar
Bayramov, diplomatik korpus nümayəndələri, Gürcüstanın Mədəniyyət,
İdman və Gənclər Nazirliyinin əməkdaşları, azərbaycanlı və gürcü
ziyalılar və gənclər iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin Gürüstan
nümayəndəliyinin dəstəyi ilə keçirilən sərgi mayın 25-dək davam
edəcək. Sərgini ziyarət ödənişsizdir.
Mənbə: report.az