Qardabanili gənc şair, yazıçı Azər Musaoğlu
Kulis.az-ın elan
etdiyi “İlin hekayəsi” müsabiqəsində iştirak edir.
O, müsabiqəyə özünün qələmə aldığı
“İtburnu”
hekayəsini təqdim edib. Hal-hazırda onun
hekayəsi 20-liyə düşüb.
Azər Musaoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
ötən il də həmin müsabiqədə iştirak edib.
“Artıq iki ildir ki, “Kulis.az” saytının keçirdiyi
“İlin hekayəsi” müsabiqəsinə qatılıram. Ötən il “Hacı Qara” adlı
hekayə ilə yarışda iştirak etmişdim. Amma qalib ola bilmədim. Bu il
mənim qələmə aldığım “İtburnu” hekayəm 128 hekayə arasından 20-liyə
düşüb”.
Yarışmaya Gürcüstandan təkcə Azər Musaoğlu qatılıb. Onun sözlərinə
görə, hər zaman bu cür müsabiqələr elan olunanda qoşulur.
“Ədəbiyyat saytlarını izləyirəm. Müsabiqə elan olunanda
mən də hekayə göndərirəm. Əlbəttə, ədəbiyyatla bağlı müsabiqələrdə
iştirak etməyi həmişə düşünmüşəm və əlimdə hazır mətn olanda bunu
edirəm. Müsabiqəyə həmişə qalib olmaq üçün qatılıram, buna iddialı
olmasam, qatılmaram”.
Musaoğlu ümid edir ki, “Kulis.az”-ın elan etdiyi “İlin hekayəsi”
müsabiqəsinin qalibi olacaq.
Ona dəstək
olmaq üçün linkə daxl olun.
Qeyd edək ki, Azər Musaoğlu əvvəllər Heydər Əliyev adına Tbilisi
Dövlət Dram Teatrının aktyoru olub. 2020-ci ildə bir neçə aktyor və
direktor müavini ilə birlikdə işdən uzaqlaşdırılıblar. O,
hal-hazırda “Yeni Yol” qəzetinin redaktorudur. Azər Musaoğlu bir
sıra şeir və hekayələrin müəllifidir.
Onu da əlavə edək ki, “İlin hekayəsi” müsabiqəsində 128 hekayə
iştirak edir. Münsiflərin hekayələri qiymətləndirməsi mərhələsi
artıq başa çatıb. Bütün hekayələr “Kulis.az” saytının “İlin
hekayəsi” bölməsində yayımlanıb. Onlayn səsvermə ilə oxucular
bəyəndikləri hekayəyə səs verə bilərlər. Ən çox oxucu səsini
toplayan hekayə xüsusi mükafata layiq görüləcək.
Mükafatlar:
- – I yerin qalibi – Noutbuk və xüsusi
hədiyyələr;
- – II yerin qalibi – Smartfon və xüsusi
hədiyyələr;
- – III yerin qalibi – Poketbuk (planşet) və xüsusi
hədiyyələr
- – “Kulis.az” oxucuları tərəfindən seçiləcək hekayənin
müəllifi isə smart saat və xüsusi hədiyyələrlə
mükafatlandırılacaq.
Müsabiqə “İrşad” şirkətinin baş sponsorluğu, Azərbaycan Mədəniyyət
Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin, “LIBRAFF”
kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu
ilə təşkil olunur.
Onlayn səsvermə dekabrın 26-na kimi davam edəcək. Qalibin adı 26
dekabr saat 18-00 da Bakı şəhərində fəaliyyət göstərən “Libraff”
kitab mağazalar şəbəkəsində (Elmlər filialı) keçiriləcək
mükafatlandırma mərasimində açıqlancaq.