“Era Teatrı” “İçimdəki həbsxana” adlı yeni tamaşanın premyerasına hazırlaşır
Uzun fasilədən sonra “Era Teatrı” yeni tamaşanın premyerasına hazırlaşır. “İçimdəki həbsxana” adlı tamaşanın premyerası 17 sentyabr tarixində saat 15:30-da, Tbilisidə, Akaki Xorava adına Aktyorlar Evində baş tutacaq. Tamaşanın quruluşçu rejissoru və müəllifi Anar Rafiqoğludur. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tamaşa psixoloji dram janrındadır.

“Təəssüf ki, ölkəmizdə bəzən hələ də psixoloji xəstəliklər ciddiyə alınmır. Bunun ciddiyə alınmadığı təqdirdə nə qədər ağır və təhlükəli bir həddə çatacağından tamaşamızda bəhs edəcəyik. Tamaşamız bu il ərzində hazırlanıb və 17 sentyabr tarixində ilk dəfə təqdim olunacaq. Bizim son tamaşamız ötən ilin 17 sentyabr tarixində baş tutub. Yəni tam olaraq bir il sonra yenidən səhnəyə qayıdırıq. Onu da qeyd edim ki, saat 15:30-u, regionlardan gələn tamaşaçılarımızın rahat qayıtmalarını nəzərə alaraq təyin etmişik. Əslində teatrlarda tamaşalar adətən axşam saatlarında nümayiş olunur”.

Tamaşanın rejissorunun sözlərinə görə, tamaşanı hazırlamaq onlar üçün çox çətin olub. Ona görə ki, onlar tamaşaya evdə və parklarda hazırlaşıblar.

“Öz məkanımız olmadan ev şəraitində, hətta bəzən parklarda məşqlər edərək tamaşa hazırlamaq, əlbəttə ki, çox çətindir. Ölkədə yeganə, dünyada isə bəlkə də nadir teatrlardan biriyik ki, bu cür vəziyyətdə tamaşa hazırlaya bilirik. Bütün bunlara baxmayaraq, biz işimizdən zövq alırıq. Bizi xalqın teatrı edən də məhz budur. Bu bizim arzu etmədiyimiz və bizdən aslı olmayan bir fasilə idi. Xatırladım ki, “Era Teatrı” bir ildən çoxdur ki, məkansız qalıb. Buna baxmayaraq, bu müddət ərzində artıq ikinci premyeramıza hazırlaşırıq. Bir radio üçün studiya olmadan yayım etmək necə çətin olardısa, bizim üçün də bir araya gəlib, məşq edə biləcəyimiz bir məkan olmadan tamaşa hazırlamaq o qədər çətindir”.

Anar Rafiqoğlunun dediyinə görə, biletlər artıq satışdadır və artıq tükənmək üzrədir.

“Biletləri əldə etmək və ətraflı məlumat almaq üçün 557 31 35 01 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Tamaşanın maliyyə dəstəyi “Meta Group” şirkəti tərəfindən qarşılanır”.

“İçimdəki həbsxana” adlı tamaşada rolları Elnur Vəlizadə, Əli İlqaroğlu, Gül Cəfərova, Məryəm Əliyeva və İdris Elnuroğlu ifa edəcəklər.

Qeyd edək ki, “Era Teatrı”nın son tamaşası 2022-ci ilin 17 sentyabrında baş tutub. Həmin tamaşa Ukrayna əsilli, məşhur rus yazıçısı Nikolay Qoqolun “Bir dəlinin gündəliyi” əsərinin motivləri əsasında hazırlanmışdı. Tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu, baş rolun ifaçısı isə Əli İlqaroğlu olmuşdu.

Print Email
FaceBook Twitter Google