“Evdə” festivalının keçirilməsi üçün vəsait bu il 64 000 lari artırılıb
Marneulidə “Evdə” multietnik festivalı keçiriləcək. Marneuli Mədəniyyət Mərkəzi tədbirin təşkil edilməsi üçün 20 sentyabr tarixində 85 000 lari dəyərində tender elan edib. Festival üçün ötən il Marneulinin büdcəsindən 21 000 lari xərclənib. Bu il isə tədbir üçün vəsait 64 000 lari artırılıb.

“Evdə” Marneuli bələdiyyəsində ilk dəfə 2022-ci ildə, Algeti kəndində keçirilib. O zaman Mədəniyyət Mərkəzindən bildirmişdilər ki, festival ənənəvi xarakter daşıyacaq və yerli sakinlər üçün hər il yerini dəyişəcək. Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili bizimlə söhbəti zamanı bildirdi ki, tədbir 2023-cü ildə Marneuli şəhəri ərazisində, oktyabrın ikinci yarısında baş tutacaq.

Tender sənədlərinə görə, Mədəniyyət Mərkəzi 85 000 lariyə səhnə xidməti, müxtəlif dekorasiyalar almağı planlaşdırır. Vəsait festival iştirakçıları üçün də nəzərdə tutulub.

İştirakçılar:
  • Qadın aşıq
  • Caz yığması
  • Müasir gürcü musiqi qrupu
  • Violinçilər ansamblı
  • Teatr qrupu
  • Peşə teatrının aktyorları
Maraqlanan şirkətlər “Evdə” festivalı ilə bağlı tenderə 26-29 sentyabrda təklif təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google