Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib
Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Bu il Azərbaycan xalqının Heydər Əliyevin 100 illiyinin təntənə ilə qeyd edildiyini bildirən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib ki, Ulu Öndərin müasir Azərbaycanın güclənməsində çox böyük rolu olub. Diqqətə çatdırıb ki, Əliyevin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında, uğurunda müstəsna xidmətləri var.

Diplomat tədbirin təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanla Gürcüstan arasında münasibətlərin bundan sonra da inkişaf etməsini arzulayıb.

Tədbirdə çıxış edən gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Gürcüstan parlamentinin mədəniyyət komitəsinin sədri Elisso Bolkvadze Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etməkdən məmnunluğunu ifadə edib.

Gürcüstanlı pianoçu iki ölkənin parlamentləri arasında mədəniyyət sahəsində memorandumun imzalanması ilə Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə yüksələcəyinə ümidvar olduğunu bildirib.

Heydər Əliyev Mərkəzindəki gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.

Qeyd edək ki, Tbilisidə anadan olan Elisso Bolkvadze çox erkən yaşlarından fortepianoda ifa etməyə başlayıb. Orkestr ilə ilk konsertini isə 7 yaşında olarkən verib.

Tbilisi Konservatoryasında təhsil alan, sonradan pianoçu kimi peşəkar fəaliyyətini Fransa və Avstriyada davam etdirən Elisso Bolkvadze Avropa və ABŞ-ın ən möhtəşəm konsert salonlarında dünyanın məşhur orkestrlərinin müşayiəti ilə çıxış edib.

AZƏRTAC-a məxsusi açıqlamasında bu günün onun üçün xüsusi olduğunu deyən Elisso Bolkvadze uşaqlığında Azərbaycanda olduğunu, indi isə burada pianoçu, eyni zamanda, Gürcüstanın parlament üzvü kimi çıxış etdiyini bildirib. "Bu günü ən emosional günlərdən biri hesab edirəm, çünki sevgimi ifadə edə bildim, bu da məni çox xoşbəxt etdi. Ölkənizdə həm musiqi, həm də aktyorluq sahəsinə xüsusi qayğı göstərən Heydər Əliyev kimi dahi insanın 100 illiyinin belə təntənə ilə qeyd edilməsi düşünürəm ki, çox vacib amildir. Bu prosesdə iştirak edə bildiyimə görə çox şadam".


Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər