"Respublikada generasiya güclərinin artırılması ilə
yanaşı, ötürücü infrastrukturun yenidən qurulması istiqamətində də
mühüm işlər görülüb".
Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.
Onun sözlərinə görə, qonşu Gürcüstan və İranla elektrik enerjisi
mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması
məqsədilə yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib:
“43,4 km məsafədə 330 kV-luq “Ağstafa-Qardabani” EVX
tikilərək istismara verilib, ixrac gücü iki dəfə (700 MVt)
artıb”.
B.Rzayev bildirib ki, tikintisinə 2013-cü ildə başlanılan 67,5
kilometr uzunluğunda 220 kV-luq “Masallı (Azərbaycan)-Astara
(İran)” EVX-nin tikintisi isə yekunlaşmaq üzrədir:
“Dövlətlərarası yeni elektrik verilişi xətlərinin
çəkilişi Azərbaycanın enerji mübadilə potensialını daha da
yüksəldəcək, ölkəmizin beynəlxalq enerji bazarına çıxışını
möhkəmləndirəcək”.
O qeyd edib ki, elektrik enerjisi təchizatında etibarlılığı və
dayanıqlılığı gücləndirmək məqsədilə ötən müddət ərzində 1 ədəd 500
kV-luq yarımstansiya (“Abşeron”) və 4 ədəd 220 kV-luq (“Müşfiq”,
“Xırdalan”, “Hövsan”, “Nizami”) yarımstansiya yenidən qurulub, 1
ədəd 220 kV-luq “Böyükşor” yarımstansiyası tikilib:
“Həmçinin 18 ədəd 110 kV-luq yarımstansiya tam yenidən
qurulub, 2 ədəd yeni yarımstansiya inşa olunub”.