Azərbaycan dövləti Gürcüstandan olan şəhid və qazi ailələrinə yüksək qayğı göstərir
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.


Görüş Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin nəzdindəki “Tbilisi oğlanlar yataqxanası”nda baş tutub.

Görüş iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dərnəyin sədri Musa Hacıyev səfirə yataqxanada məskunlaşmış tələblərlə bağlı məlumat verib. Bildirib ki, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin bu yataqxananı yaratmaqda məqsədi Gürcüstanın bölgələrindən olan, Tbilisidə normal kirayə ev tutmaq imkanı olmayan və ya sosial cəhətdən aztəminatlı ailələrdən olan tələbələrə yardım göstərməkdir. Hazırda yataqxanada 67 tələbə yaşayır. Onlara rahat yaşamaları, təhsil almaları üçün hər cür şərait yaradılıb. Tələbələr hər gün 3 dəfə isti yeməklə də təmin olunurlar. Hər bir tələbə ayda bütün xidmətlər üçün cəmi 250 lari ödəyir.

Tələbələrə asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycandan, Türkiyədən gələn və yerli mütəxəssislərlə görüşlər, dəyirmi masalar təşkil olunur. Onlara boş vaxtlarda dini dərslər də keçirilir.

Səfir Faiq Quliyev Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun, SOCAR şirkətinin və digər Azərbaycan şirkətlərinin dəstəyi ilə Gürcüstanda məktəblər, uşaq bağçaları, idman kompleksləri və başqa sosial obyektlər tikilərək istifadəyə verilir, bəziləri isə əsaslı təmir olunur. Ümumiyyətlə, SOCAR tərəfindən Gürcüstanda sosial layihələrə 70 milyon dollara yaxın vəsait ödənilib. Hər il 1500-dən çox tələbənin təhsil haqqı ödənilir. SOCAR bu ildən həmin tələbələrin təhsilə marağını artırmaq üçün yeni layihə hazırlayıb. Fəal və əlaçı tələbələrə mükafatlar veriləcək, tələbələrə Gürcüstandakı Azərbaycan şirkətlərində təcrübə keçmək, ali məktəbləri bitirən gənclərin işlə təmin olunmalarına dəstək Göstəriləcək.

Səfir Gürcüstanda yaşayan soydaşlarımızın Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyi xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan dövləti Gürcüstandan olan şəhid və qazi ailələrinə yüksək qayğı göstərir. Səfirlik şəhidlərlə bağlı sənədli film, kitab hazırlayıb. Səfirlik əməkdaşları həmin ailələri mütəmadi olaraq ziyarət edir, onların qayğıları ilə maraqlanır, yardım göstərirlər.

Sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda tələbələr üçün iftar süfrəsi açılıb.

Mənbə: Azertag.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər