Donmuş haraylar - Xocalı şahidinin dilindən -VIDEO
20:06 / 26.02.2024
4 aylıq körpəsi ilə erməni zülmündən sağ qurtulan Zənurə Səlimova
ilə 32 il sonra Xocalıda.
Xocalı şəhərində törətdilən soyqırımın 32-ci ili tamam olur. Xocalı
soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara
qarşı baş vermiş soyqırımdır.
Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada
qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada
həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti
Xankəndidə saxlanıldı və bu barədə “DQR” hakimiyyətinin müvafiq
əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o
cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR”
hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq
Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları
ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti
kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan
sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.
Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi,
onların əmlakı Xankədidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər
tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan
və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt
etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın
mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil
Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın
hərbçiləri iştirak etmişdir. “Memorial” hüquq müdafiə mərkəzinin
qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi
əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin
münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi
faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və
qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər
yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150
nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum
deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın
Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O,
qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti
Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının
müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak
etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra
Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif
olunmuşdur.[6] Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov
erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003
Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan
və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi
Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru,
Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.
İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul
edib.
Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” kimi, digər ölkələrdə isə
“Xocalı qətliamı” kimi anılır. Xocalı soyqırımına aid bir çox
ölkələrdə abidələr ucaldılıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq
səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini
nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə
bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam
imzalayıb.
Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50
şəhər və rayonunda müvəqqəti məskunlaşıb. 2020-ci ilin sentyabrın
27-də Azərbaycan ordusu 30 ilə yaxın müddət ərzində Ermənistan
silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqlar 44
gün ərzində azad etmişdi. Azərbaycan ordusunun 2023-cü il
sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli antiterror
tədbirləri nəticəsində Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə
yanaşı, Xocalı şəhərində nəzrəti tam bərpa etmişdir.