Rusiya müxalifətinin lideri Aleksey Navalnının anası çərşənbə
axşamı prezident Vladimir Putindən ləyaqətlə dəfn
edilməsi üçün oğlunun cəsədini ona verməsini xahiş edib. Cümə günü
47 yaşlı Navalnının öldüyü Arktikadakı cəzaçəkmə koloniyasının
tikanlı məftilləri önündə çəkilmiş videoda qara geyimli Lyudmila
Navalnaya görünüb.
Navalnaya videoda “Beşinci gündür ki, onu görə bilmirəm. Onun
cəsədini mənə vermirlər. Onun harada olduğunu belə mənə demirlər"
deyib.
Navalnının komandasının sosial şəbəkədə paylaşdığı videoda o, “Sizə
müraciət edirəm, Vladimir Putin. Bu məsələnin həlli sırf sizdən
asılıdır. Nəhayət, oğlumu görməyə icazə verin. Alekseyin cəsədinin
dərhal buraxılmasını xahiş edirəm ki, onu insan kimi dəfn edim"
deyib.
Onun sözlərinə görə, səlahiyyətlilər hətta Navalnının cəsədinin
harada olduğunu ona deməkdən imtina edir. Navalnının komandası
deyir ki, Rusiya rəsmiləri ölümün səbəbinin məlum olmadığını
bildiriblər və onun ölümü ilə bağlı araşdırma davam etdiyi üçün iki
həftə ərzində cəsədi buraxmaqdan imtina ediblər.
Navalnının tərəfdaşları hökuməti onun qətlə yetirildiyinə dair
sübutları gizlətməyə çalışmaqda ittiham ediblər. Bazar ertəsi
Navalnının dul arvadı Yuliya Putini video yayımlayaraq ərinin
öldürüldüyünü və onun cəsədinin verilməməsinin ört-basdırın bir
hissəsi olduğunu iddia edib.
Navalnının ölümü Rusiya müxalifətini seçkiyə bir aydan az qalmış ən
tanınmış simasından məhrum edib. Seçkilər Putinə daha 6 il
hakimiyyət verəcək. Bir çox rus Putinin müxalifətə qarşı amansız
repressiyaları fonunda Navalnıya nadir siyasi dəyişiklik ümidi kimi
baxırdılar.
Navalnı 2021-ci ilin yanvarından Almaniyada zəhərlənmədən
sağaldıqdan sonra Moskvaya qayıdanda həbs edilib. O vaxtdan bəri o,
siyasi motivli ittihamlarla üç dəfə həbs cəzası alıb.