Xəbərlər
Maneulinin iki bağçasında 155 nəfər artıq uşaq qeydiyyatdan keçib
Marneuli bələdiyyəsinin uşaq bağçalarında qeydiyyatın birinci mərhələsi başa çatıb. İki məktəbəqədər təhsil müəssisəsində uşaqların sayı müəyyən edilmiş saydan artıqdır. 4 saylı bağça 2021-2022-ci il üçün yalnız 100 uşaq qəbul edə bilər. Ancaq bundan əlavə 35 artıq uşaq qeydiyyatdan keçib. 3 saylı “Çiora” bağçasında isə qəbul ediləcək uşaqların maksimum sayı 120 nəfərdir. Ancaq həmin bağçada 240 uşaq qeydiyyatdan keçib.

“İkinci mərhələ 20 avqustdan 31 avqust tarixində qədər davam edəcək. Sonra siyahılar tərtib olunacaq. Ancaq hələ vəziyyət belədir ki, üç və dörd saylı bağçalara müəyyən edilmiş saydan artıq uşaq qeydiyyatdan keçib. Düşünürük ki, Qızılhacılı və şəhərin 1 saylı bağçası açılanda vəziyyət qaydasına düşəcək. Hələ ki, siyahımız yoxdur, ikinci mərhələnin bitməsini gözləyirik”, – Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi.

3 saylı uşaq bağçasının rəhbəri Ketevan Minadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların bağçasında qeydiyyatdan keçmək istəyənlərin sayının çox olması təəccüblü deyil. Ancaq belə vəziyyət heç vaxt olmayıb. Mövcud vəziyyət Qızılhacılı və şəhərin 1 saylı bağçasının bərpasına görə yaranıb. Marneuli Uşaq Bağçaları Birliyində güman edirlər ki, 1 saylı bağça noyabrda, Qızılhacılı bağçası isə sentyabrda açılacaq.

Uşaq Bağçaları Birliyinin rəhbərinin sözlərinə görə, indiki mərhələdə Marneuli kəndlərinin bağçalarında və hazırlıq mərkəzlərində qeydiyyat problemi yoxdur. Marneuli miqyasında ümumilikdə 14 bağça fəaliyyət göstərir. Zaur Kərəmovun sözlərinə görə, Marneuli bələdiyyəsində 6 yeni bağçanın tikintisi planlaşdırılır. Ancaq nə zaman tikiləcəyi məlum deyil.

FaceBook Twitter Google