Məktəb yaşlarından yalanla mübarizə
2022-ci ilin oktyabrında yayımlanmış media savadlılıq indeksinə əsasən Gürcüstan 41 ölkə arasında sonuncu yerdədir. Avropa siyasətinin təşəbbüsü və Sofiya Açıq Cəmiyyət İnstitutunun hesabatı 2017-ci ildən bu yana hər il Avropa ölkələrində media savadlılıq indeksini qiymətləndirir. Gürcüstan mümkün 100 baldan yalnız 20 bal alıb və sonuncu yeri tutub. Araşdırmaya Cənubi Qafqazın digər ölkələri – Azərbaycan və Ermənistan daxil edilməyib.

Hesabata görə, bu gün Şimali və Qərbi Avropa ölkələrinin əhalisi saxta məlumatdan özünü kifayət qədər qoruya bilir nəinki Cənubi və Şərqi Avropa ölkələri.

Gürcüstanda media savadlılıq istiqamətində vəziyyət xüsusilə etnik azlıqların məskunlaşdığı regionlarda ağırdır. Marneuli bələdiyyəsi əhalisinin əksəriyyəti qeyri-gürcülərdir. Media araşdırmaçılarının fikrincə məhz buna görə yerli sakinlər dezinformasiyanın yayılması baxımından daha həssasdırlar.


Dezinformasiyanın yayılmasının ən fəal fazası Marneulidə koronavirus pandemiyası zamanı idi. Düzgün məlumatın əlçatan olmadığı əhali asan şəkildə manipulyasiya qurbanına çevrildi. Bu isə peyvənd prosesinə biganəliyə səbəb oldu.

Gürcüstanda dezinformasiya xüsusilə Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən gücləndi. Rusiya və ya Gürcüstana bağlı dezinformasiya mənbələri bu hekayənin əsas təbliğatçılarıdır.

“Miflər direktoru” Gürcüstanda yayılmış dezinformasiya xarakterli materialların yoxlanılması üçün fəal işləyir. Təşkilatın açıqlamasına görə, əksər hallarda dezinformasiya xarakterli materiallar elə mənbələr vasitəsi ilə yayımlanır ki, onların adı tanınmış media təşkilatların adına yaxındır. Bu halda vətəndaşlar məlumatı hansı mənbənin yayımladığına və onun domeninin sonluğuna nəzarət etməlidirlər.

Mənbənin həqiqiliyini yoxlamaq üçün bir neçə yol var:
  • Birinci – domenin etibarlılığını yoxlayın: “.com.co”, “.co” və s. sonluqları olan veb-səhifələrə inanmayın.
  • İkinci – Veb-səhifənin “haqqımızda” bölməsini yoxlayın və əmin olun ki, səhifə satirik, ya məlumatlandırıcıdır.
  • Üçüncü – Veb-səhifənin feysbuk bölməsinin nə dərəcədə şəffaf olduğunu yoxlayın ki, medianın sahibini müəyyən edəsiniz
  • Dördüncü – Əmin olun ki, materialın müəllifi real şəxsdir və o, etibarlıdır.
Yanlış məlumatın necə etibarlı mənbələrə oxşadılmış veb-səhifələr vasitəsi ilə yayıldığına nümunələrdən biri “qanlı banan” hadisəsidir. Bu Marneulidə də fəal olaraq müzakirə edilirdi. Sosial şəbəkədə CNNews-tərəfindən məlumat yayıldı ki, bananlarda qan aşkarlanıb və məhz bu yolla koronavirus yayılır.

Foto: Medianın İnkişafı Fondu

Qeyd olunan səhifənin adı və loqosu elə yaradılıb ki, vətəndaş onu məşhur media vasitəsi CNN hesab edə bilər. Bu yolla isə yanlış məlumatın yayımlanması daha asan olur.

Foto: Medianın İnkişafı Fondu

Sosial mediada tez-tez orijinal olmayan foto material yayımlanır. Bu, əvvəlcədən hazırlanır və onun məzmununu da məqsədyönlü şəkildə dəyişirlər.

Eləcə də redaktə olunduğu hiss olunmayan video və foto materiallar da tez-tez yayımlanır. Onun məzmunu dəyişdirilməyib, amma onun çəkiliş vaxtı və yeri səhv qeyd olunub. Bu parametrlərin dəyişdirilməsi isə bütövlükdə fotonun kontekstini dəyişir.

Yanlış məlumatı müəyyən etmək üçün video və foto materialın orijinallığını müəyyən etmək üçün bu gün bir çox texniki vasitələr mövcuddur. İnternet istifadəçisi üçün bunları bilmək mütləqdir.

Ancaq Gürcüstanda media savadlılığın aşağı səviyyədə olması yanlış məlumatın yayılması üçün ən yaxşı yer oldu. Həmin məlumatın məqsədi isə əksər hallarda ictimaiyyətdə etibarsızlıq, qorxunun tətbiq edilməsi, müəyyən qrupların təsir altına salınmasıdır.

Mütəxəssislərin fikrincə, media savadlılıq baxımından vəziyyətin düzəlməsi üçün məktəb yaşlarından tədrisə başlanılmalıdır və bu məcburi olmalıdır.

Print Email
FaceBook Twitter Google