“1+4” proqramı üzrə təhsil alan tələbələr təhsil haqqının ödənilməsi üçün “SOCAR”-a elektron formada müraciət edə biləcəklər
Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR”-a “1+4” proqramı üzrə təhsil alan tələbələr təhsil haqlarının ödənilməsi üçün elektron vasitələrlə göndərə biləcəklər.

“Marneuli” radiosu Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın Tbilisidəki baş ofisində Gürcüstanın dövlət ali təhsil müəssisələrində təhsil alan gənclərin iştirakı ilə təşkil edilən tədbirdə səsləndirilən məsələlərə istinadən bildirir ki, Gürcüstan Dövlət Ali Təhsil Müəssisələrində təhsil alan tələbələr artıq müraciətlərini elektron formada həyata keçirə biləcəklər. Bunun üçün, Tələbələr lazımi məlumatları qeyd edərək https://myscholarship.ge/ elektron ünvanına göndərə biləcəklər.

Aldığımız məlumata görə, internet saytı artıq 21.02.2023-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu sayt vasitəsilə təhsil haqqının ödənilməsi üçün SOCAR-a müraciət ünvanlayan tələbələrin siyahısı elektron formada tərtib edilərək müvafiq ali təhsil müəssisəsinə göndəriləcək.

Yuxarda bəhs edilən tədbirdə nümayiş etdirilən internet saytının funksionallığını nəzərə alaraq qeyd etmək istəyirik ki, həmin sayt mövcud olan bir sıra problemi aradan qaldıracaq və təhsil haqqının ödənməsində ancaq internet saytında qeydiyyatdan keçmiş tələbələr və verilən müddət ərzində göndərilən müraciətlər nəzərə alınacaq. Müraciət pəncərəsi hər semestrin yekununda açılacaq və müraciət tarixləri barədə məlumat sonrakı günlərdə veriləcək.

Bununla yanaşı qeydiyyat prosesinin sadələşdirilməsi məqsədilə xüsusi video təlimat yuxarıda qeyd edilən internet saytına yerləşdirilmişdir. Məlumat üçün bildirək ki, 2010-cu tədris ilindən etibarən SOCAR-ın Gürcüstandakı Nümayəndəliyi “1+4” proqramı üzrə təhsil alan tələbələrin təhsil haqqını ödəyir.


Print Email
FaceBook Twitter Google