Qardabanidə “Çoban” tamaşasının premyerası keçiriləcək
Qardabanidə “BEEZ” Uşaq Teatrının hazırladığı “Çoban” tamaşasının premyerası keçiriləcək. Tamaşa 19 noyabr tarixində saat 15:00-da “BEEZ” Uşaq Teatrında baş tutacaq.

Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli şəkildə keçirilməsinə kömək göstərməkdir. Onun sözlərinə görə, bu il artıq onların ikinci tamaşası nümayiş etdiriləcək.

“Artıq bu ilin sonunda ikinci tamaşamızla tamaşaçılarımız qarşısına çıxırıq. Bundan öncəki tamaşamız Vüqar Haqverdiyevin “Qarınqulu Ayı Balası” idi. Məhz həmin tamaşa tamaşaçıların böyük rəğbətini qazandı. İndi oynayacağımız tamaşa isə Abdulla Şaiqin “ÇOBAN” tamaşasıdır. Çalışdığımız qədər istədik ki, uşaqlara milli musiqimizi, milli rəqsimizi və maariflənmənin nə qədər dəyərli olduğunu göstərək!”, – Binəli İslamoğlu dedi.

Rejissorun dediyinə görə, tamaşanın ilk premyerası Qardabanidə yerləşən “BEEZ” Uşaq Teatrının kiçik zalında baş tutacaq.

“Könül istəyər ki, daha çox tamaşa hazırlayaq. Ancaq bəzi səbəblərdən daha az tamaşa hazırlayırıq. “ÇOBAN” tamaşamız sentyabr ayından hazır idi. Ancaq məktəblərin ilk həftəsinə təsadüf etdiyi üçün bir az ara verdik. Bölgələrə qastrollara çıxmağı çox istəyirik, ancaq nəqliyyat olmadığına görə çıxa bilmirik. Burda bir nüansı da qeyd etmək istəyirəm. Tamaşamızın geyimlərinin ərsəyə gəlməsində bizə dəstək olan Azərbaycanın Gürcüstandakı səfirliyinə, xüsusilə cənab Faiq müəllimə öz dərin təşəkkürlərimi bildirirəm”, – İslamoğlu qeyd etdi.

Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuri Qurbanov, Əzəm Əfəndiyeva, Seymur Muradov, Məryəm Əliyeva oynayacaqlar.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

Binəli İslamoğlu onu da bildirdi ki, tamaşa 26 noyabr tarixində Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində də göstəriləcək.

Qeyd edək ki, tamaşa ilə maraqlanan şəxslər (+995) 550 50 30 47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, teatrın hazırladığı son tamaşa bu ilin 18 fevral tarixində, Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında tamaşaçılara təqdim edilmişdi. Tamaşa Vüqar Haqverdiyevin müəllifi olduğu “Qarınqulu ayı balası” əsərinin motivləri əsasında hazırlanmışdı. Tamaşanın premyerasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin üzvləri və valideynlər iştirak etmişdilər.

Print Email
FaceBook Twitter Google