“Gürcü xalqı Azərbaycanın uğurlarına sevinir” – Qiorqi Amilaxvari
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan və Gürcüstan arasında daha sıx əlaqələr üçün körpü rolunu oynayacaq.

Bunu Gürcüstanın elm və təhsil naziri Qiorqi Amilaxvari Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti ilə görüşdə deyib.

“Son 30 ildə ölkələrimiz arasında əməkdaşlıq bütün səviyyələrdə inkişaf edib. Təhsil sahəsində əlaqələrin dərinləşməsi isə iki ölkənin xeyrinə olacaq. Bu istiqamətdə işləri davam etdirmək lazımdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, gürcü xalqı Azərbaycanın suverenliyini tam bərpa edə bilməsinə görə çox şaddır: “Ərazi bütövlüyünün pozulması məsələsində biz sizi çox yaxşı başa düşürük, çünki biz də bu problemlə üzləşmişik. Gürcüstan xalqı Azərbaycanın uğurlarına çox sevinir”.

Rektor Elçin Babayev bildirib ki, Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri xalqlar arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığa sübutdur: “Bu səfər Azərbaycan və Gürcüstan arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, təhsil və elm sahələrində əməkdaşlıq, akademik mübadilə və birgə tədqiqat təşəbbüsləri üçün yeni imkanlar açacaq. Biz birlikdə tələbələrimiz üçün daha parlaq gələcək qura və ölkələrimizdə elm və təhsilin inkişafına töhfə verə bilərik”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi vacib məsələdir. Qiorqi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi istiqamətində müzakirələr aparılıb. O qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrinin flaqmanı olan BDU bu prosesdə önəmli rol oynaya bilər. BDU-da gürcü dili, regionşünaslıq və qafqazşünaslıq ixtisasları tədris olunur.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər