“Təhsilimi bitirdikdən sonra Gürcüstana qayıtdım, amma
iş tapa bilmədim”, – bu sözləri “Marneuli” radiosu
ilə söhbəti zamanı Kembric Universitetində vəzifəyə gətirilən
Albina Məmmədova dedi.
Onun sözlərinə görə, İngiltərədə qalmağı düşünməyib. Amma təəssüflə
qeyd edir ki, Gürcüstana qayıtdıqdan sonra təhsil aldığı peşəyə
görə iş tapa bilməyib.
“Orda qalmağı planlaşdırmırdım. Gürcüstana qayıtdım.
Amma iş tapa bilmədim. Təəssüf ki, Gürcüstanda qeyri-sabit siyasi
vəziyyət və qohumbazlıq böyük problemdir. Amma mən hələ də dostuma
kömək edirəm və bizim öz kiçik məsləhətçi təşkilatımız var. Biz
yeni başlamışıq. Ümid edirəm ki, daha çox layihələr əldə edəcəyik
və işləyəcəyik. Və Gürcüstana qayıda biləcəyəm və ya heç olmasa
Qafqaz regionumuzda işləyəcəyəm”.
Albina Məmmədova onu da bildirdi ki, onun təhsil aldığı sahə
Gürcüstanda o qədər də tanınan bir sahə deyil.
“Mənim əsas sahəm təbiət mühafizəçisidir. Mənim sahəm o
qədər də tanınmır və populyar deyil. Dostum və həmkarım Xatia
Basilaşvili məndən təbiətin mühafizəsi sahəsində hər hansı magistr
təhsilinə müraciət etməyimi xahiş etdi, Kembricin xüsusi proqramı
da onlardan biri idi. İlia Dövlət Universitetini bitirdikdən sonra
SABUKO qeyri hökumət təşkilatında 5 ildən çox işlədim. Və mən
təbiət mühafizəçisi kimi bacarıqlarımı inkişaf etdirmək üçün daha
çox təcrübəyə ehtiyacım olduğuna qərar verdim. Ona görə də
universitetə müraciət etdim və təqaüd almaq nəsib oldu. Çünki tək
başıma özümə yardım edə bilməyəcəkdim və təqaüdlə təhsilimi davam
etdirdim”.
Qeyd edək ki, əslən Qardabaninin Ağtəhlə kəndindən olan Albina
Məmmədova 1992-ci ildə Rustavi şəhərində anadan olub. O, ilk
təhsilini Rustavi şəhər 3 saylı ictimai məktəbində alıb. Məktəbi
bitirdikdən sonra Məmmədova 2010-cu ildə İlia Dövlət
Universitetində İncəsənət və Elm, Avropa və Şərqşünaslıq
fakültəsinə qəbul olub və 2014-cü ildə bakalavr təhsili başa vurub.
Daha sonra elə həmin universitetin Təbii Elmlər və Mühəndislik
sahəsi üzrə magistr dərəcəsinə sahib olub.
Albina 2013-2021-ci illərdə Avropada biomüxtəliflik, təbiətin
mühafizəsi və nəsli kəsilməkdə olan növlərin bərpası istiqamətində
müxtəlif beynəlxalq mübadilə kurslarını tamamlayıb.
2022-ci ildə Kembric Universitetinin Coğrafiya Departamentində,
Təbiətin Mühafizəsi Liderliyi üzrə magistr proqramına tam təqaüdlə
qəbul olan Albina Kembricdə iş təklifi alıb və universitetdə
Coğrafiya Departamentinin Kommunikasiyalar üzrə koordinatoru
vəzifəsinə gətirilib.