Aşıq Nargilə Mehdiyeva Marneulidə saz kurslarına başlayır
Aşıq Nargilə Mehdiyeva Marneulidə saz kurslarına başlayır. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə istedadlı gəncləri gördüyünə görə bu qərara gəlib.

“Mən o qədər keşməkeşli dönəmlərdən keçmişəm ki, istedadlı gəncləri görüb yan keçə bilmirəm. Həmin gənclərə kömək etmək mənim üçün istirahət deməkdir. Marneulidə açılacaq kurslar ödənişli olacaq. İmkanlı ailələr üçün 50 lari, imkansız ailələr üçün isə ödənişsiz olacaq. Aldığım məbləğ isə mənim nəqliyyat xərclərimi qarşılayacaq. Mən bu işi qazanc üçün görmürəm. Marneulidən sonra Qaraçöp mahalında da dərs deməyi düşünürəm. Orda da saza-sözə həvəsi olan uşaqlarla tanış olmuşam. Çox sevindim ki, şeir, məqalə, poema yazan istedadlı uşaqları var. Onları gördüm və tanıdım. Onlara da dəstək olmaq məni çox sevindirəcək. Onları da cəmiyyətə tanıtmaq və dəstək olmaq lazımdır. Bu da mənim öz şəxsi istəyim, fikrim və arzumdur. Bu arzum da mənim sevincim ola bilər. Mənim əsas məqsədim istedadlı gənclərin və uşaqların əlindən tutmaqdır”.

Mehdiyevanın sözlərinə görə, saz kurslarına 10 il bundan qabaq başlayıb və artıq 15 tələbəsi var.

“Mən saz kurslarına cəsarətimi toplayaraq başlamışam. Artıq 10 ildir. Hal-hazırda 15 şəyirdim var. İstedadlı şəyird yetişdirirəm. Onların hər biri ayrı-ayrılıqda mükəmməldirlər. Sərbəst şəkildə ifa edə bilirlər. Tələbələrim arasında gürcü, alman və ingilis saz ifaçıları da var. Mən Tbilisidə yaşadığım üçün dərsləri indi orda keçirəm. Dərnəyim Axundov muzeyində olduğu üçün rayonlardan gələn şəyirdlərim çətinliklə gəlib gedirlər. Rayon və kəndlərdən də çoxlu istək olduğuna görə, bölgələrimizdə də kurslar açmaq qərarına gəldim”.

Aşıq Nargilənin dediyinə görə, onun əsas məqsədi və istəyi gürcü folklorunda olmaqdır. O, bunun üçün əlindən gələni etməyə çalışır.

“Biz artıq Gürcüstan folklorunda varıq. Gürcüstan uşaq və gənclər folklorunun üzvləriyik. Həm də festival iştirakçılarıyıq. Demək olar ki, biz artıq "Meydan" saz qrupu ilə tanınırıq. Ən böyük istəyim ondan ibarətdir ki, saza-sözə, aşıq sənətinə marağı olan istedadlı gəncləri və uşaqları axtarım, kəşf edim, tapım və hazırlayım. Böyük bir qrup şəkilində saz ifaçıları və aşıqlar yetişdirim və yaradım. 10 nəfərlik bir qrupmu, yoxsa 20-25 nəfərdən ibarət böyük ansambl qrupumuz olsa, yaxşı olar? Tbilisidən regionlara həftədə bir dəfə gedib gəlmək mənim üçün çətin olmaz. Mən işimi sevən bir insanam. Düşünürəm, bu mənim üçün çətin olmaz”.

Nargilə Mehdiyeva onu da bildirdi ki, artıq Gürcüstanda da sazımıza və sözümüzə dəyər verirlər. Onun sözlərinə görə, bu da onları çox sevindirir.

“Artıq dövlətimiz və Mədəniyyət Nazirliyimiz tərəfindən də sazımıza və sözümüzə dəyər verirlər. Əgər aşıq Nargilə "Avropa-Gürcüstan" adlı festivalda iştirak edibsə, bu bizim cəmiyyət üçün çox böyük önəmli hadisədir. Bizlər buna nail olduq. Və hər zaman da Nargilə olmayacaq. Bunu bacaran gələcək lazımdır. Bizlər heç bunu düşünürükmü? Bizlər artıq varıq. Gələcək üçün işləməliyik. Gələcəyə doğru cəsarətli və istedadlı cəmiyyət yetişdirməyimiz lazımdır! Məqsədimiz kiminsə yoluna, işinə mane olmaq deyil! Niyyətim öz gücüm sayəsində faydalı və dəyərli işlərimin öhdəsindən gəlməkdir. Fevral ayının 15-dən sonra Marneulidə dərslərimizə start veriləcək. İstəyi olanlar mənimlə əlaqə saxlaya bilərlər".

Qeyd edək ki, Aşıq Nargilə Mehdiyeva 12 yaşından aşıq sənəti ilə məşğul olmağa başlayıb. O, ilk dəfə 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində keçirilən qadın aşıqları müsabiqəsində birinci yerə layiq görülüb. Daha sonra Gürcüstanda keçirilən festivalda iştirak edib və unikal ifaçı adına layiq görülərək, 1-ci yerə çıxıb. Mehdiyeva bir çox yerli və xarici festivallarda uğurla iştirak edib.

Print Email
FaceBook Twitter Google