Əvvəllər Gürcüstanda yaşayan azərbaycanlı tələbələr ali
təhsillərini rusdilli fakültələrdə davam etdirirdilər.
Əksər hallarda isə onlar təhsillərini davam etdirmək üçün
Azərbaycana gedirdilər. Sonralar etnik azlıq nümayəndələri üçün
nəzərdə tutulmuş “1+4” proqramı tətbiq olundu. Bu zaman onlar gürcü
dilini məktəbdə tam mənimsəyə bilmədikləri halda məktəbi
bitirdikdən sonra ali təhsilə “1+4” proqramı üzrə gürcü dilində
başlamalı olurlar.
Azərbaycanlı tələbələr orta
məktəbdə bir çox hallarda gürcü və
rusdilli sektorlarda təhsil alırlar. Onlar bu dillərdə orta
təhsillərini başa vurub Gürcüstan Ali Təhsil müəssisələrində təhsil
almağa başlayırlar.
Bolnisi rayonunun Arıxlı kənd sakini Aysel Qurbanova “Marneuli”
radiosu ilə söhbəti zamanı orta məktəbdə gürcü dilində oxuduğu üçün
öz ana dilində bəzi sözlərin mənalarını bilmədiyini bildirdi.
“Gürcüdilli sektorda oxumağımın böyük müsbət tərəfləri var, ancaq
mənfi tərəflərindən biri bu ola bilər ki, öz ana dilimdə bəzi
sözlərin mənalarını bilmirdim. Sonralar kitablar oxuyaraq özümü
inkişaf etdirdim. Gürcüdilli sektorda oxumağın bir digər mənfi
tərəfi də ondan ibarətdir ki, vahid milli imtahanlara hazırlaşan
zaman ədəbi hissəni qavramaqda çətinliklər çəkirdim. Çünki, orada
yazılan azərbaycandilli sözləri və terminləri başa düşə bilmirdim.
Bizim müəllimimiz həmişə deyirdi ki, əgər bir insan öz ana dilinin
qrammatikasını yaxşı bilərsə, o istədiyi hər hansı bir dili
öyrənib, mənimsəyə bilər. Baxmayaraq ki, mən gürcüdilli məktəbi
bitirmişəm, amma öz ana dilimə üstünlük verirəm”.
Qurbanova bildirir ki, o, evdə ana-atası ilə azərbaycanca, lakin
qardaş-bacısı ilə gürcücə danışır. O, Bolnisi rayonunun Arıxlı orta
məktəbini başa vurduğunu qeyd edir.
“Hal-hazırda İlia Dövlət Universitetində hazırlıq kursunda oxuyuram
və gürcüdilli məktəbi bitirdiyim üçün dərslərə asanlıqla uyğunlaşa
bildim. Çox çətinlik çəkmədim. Mənim ətrafımda olan dostlarımın
çoxu gürcü olduğu üçün həmişə onlarla ünsiyyətdə olurdum. Bəzən
azərbaycan dilində sözün mənasını, eləcə də, harada işlətmək lazım
olduğunu bilirdim, ancaq bunu düzəldib tərcümə edə bilmirdim. Evdə
isə bacımla gürcü dilində danışdığım üçün ana dilimdə danışmaqda
çətinlik çəkirdim”, – Aysel Qurbanova bildirir.
Bununla yanaşı, Marneulidə yaşayan Çiçək Ömərova bildirir ki, orta
məktəbdə rus dilində təhsil almaq, sonralar ana dilində danışmağa
və öz fikrini daha yaxşı ifadə etməyə mane olur.
“Rus dilini daha yaxşı bildiyimə görə, öz dilimdə bəzən həmin söz
yadımdan çıxa bilir. Əvvəllər düşünürdüm ki, azərbaycan dilini
bilirəm və danışıram. Amma indi fikirləşirəm ki, daha dərindən
qrammatikanı bilmək yaxşı olardı. Azərbaycan dilində bilməyən
insanlarla rus dilində danışmağa başladım. Bu isə universitetdə
gürcü dilini öyrənməyə problem yaratdı. Hətta gürcücə yeni söz
öyrəndikdə onu ilk növbədə rus dilinə çevirib elə qavraya bilirəm.
Mən deyə bilərəm ki, ana dilimizi bilmək çox
önəmlidir”, – Çiçək Omarova qeyd edir.
Bundan fərqli olaraq, azərbaycandilli məktəbdə təhsil almış,
Marneuli rayonunun Böyük Muğanlı kənd sakini Türkan Şahverdiyeva
bildirir ki, rusdilli sektorda oxumaq ümumiyyətlə məqsədəuyğun
deyil.
“Mən azərbaycandilli məktəbi bitirmiş bir tələbə
olaraq, düşünürəm ki, rusdilli sektorda oxumaq ümumiyyətlə
məqsədəuyğun deyil. Gürcü dillində oxumaq bizim üçün daha uyğundur,
çünki dövlət dilini ana dilimiz kimi öyrənməli və mənimsəməliyik.
Bununla yanaşı, təbii ki, ilk olaraq öz ana dilimizi dərinliklərinə
qədər qavramalıyıq. Axı öz dilimizi bilməsək, başqa dili necə
öyrənə bilərik?! Millətindən asılı olmayaraq, düşünürəm ki, hər bir
insan üçün öz dili ilk növbədə gəlir. Mənim üçün dil bilmək yalnız
danışıqdan ibarət deyil, dili öyrənərkən həmin dilin tarixini və
mədəniyyətini araşdırmaq və yaxından tanış olmaq vacibdir. Axı dil
insanın mənsubiyyət rəmzidir. Və onu da qeyd edim ki, dilinin
qrammatik qaydasına biganə yanaşmayan və diqqətli olan hər kəs,
mənim gözümdə daha irəlidədir”.
Şahverdiyeva qeyd edir ki, insan uyğunlaşdığı mühitdən uzaqlaşanda
həyatın yalnız onun düşündüklərindən ibarət olmadığını daha yaxşı
dərk edir.
“Hal-hazırda İlia Dövlət Universitetinin bakalavr üzrə 1-ci kurs
tələbəsi olaraq deyə bilərəm ki, insan uyğunlaşdığı mühitdən
uzaqlaşanda və özünə hördüyü divarları aşandan çıxanda artıq daha
yaxşı dərk edir ki, həyat yalnız onun düşündüklərindən ibarət
deyil. Təəssüf ki, məktəb təhsili gürcü dilini öyrənmək üçün tam
kifayət deyil. Buna da əsas səbəb olaraq gürcü dili dərslərinin
zəif tədris olunmasını göstərə bilərik. Odur ki, dilin
öyrənilməsinə daha çox zaman və resurs ayrılmalıdır. Ən vacib
məsələlərdən biri də məhz dövlət dilinin lazımi dərəcədə
bilinməməsi və özü ilə gətirdiyi problemlərdir”, –
Türkan Şahverdiyeva deyir.
O qeyd edir ki, məktəbdə oxuyan zaman onun üçün resurslar kifayət
qədər əlçatan deyildi.
“Ana dilini daha yaxşı mənimsəmək istəyi ilk növbədə bizim içimizdə
olmalıdır. Bu istək yarandıqdan sonra insan axtarışa başlayır,
ancaq təəssüf ki, resurs kifayətsizliyindən əziyyət çəkirik. Mən
məktəbdə oxuduğum zaman Azərbaycan dili kitabının iş dəftəri burada
nadir halda tapılırdı və məcbur olub Azərbaycandan gətirtməli
olurduq. İnsanın öz dilini unutması, mənliyini unutmasına
bərabərdir”, – Türkan Şahverdiyeva bildirir.
Orta məktəbi rus dilində bitirmiş Naidə Tanrıquliyeva bildirir ki,
rusdilli kitablarla yanaşı həmişə azərbaycan dilində də kitablar
oxumağa çalışıb.
“Azərbaycandilli məktəbdə oxusaydım, bu qədər qarışıqlıq içində
qalmazdım deyə düşünürəm. Bəzən elə olur ki, bir fikri azərbaycan
dilində düşünüb rus dilinə çevirirəm və sonra gürcü dilinə tərcümə
etməli oluram. Bəzi hallarda isə gürcü dilində danışan zaman
özümdən asılı olmayaraq rus dilində sözlər işlədirəm. Öz ana
dilimizi qorumaq çox vacibdir. Əgər azərbaycandilli məktəbi
bitirsəydim, gürcü dilini daha asan mənimsəyə
bilərdim”, – Naidə Tanrıquliyeva deyir.
Tələbələrin qeyd etdiklərinə görə, orta məktəbi ana dilində
bitirməyən şagird öz dili ilə yanaşı digər dilləri də tam şəkildə
qavraya və sərbəst şəkildə istifadə edə bilmir. Onlar bir neçə dili
eyni anda öyrəndiklərinə görə çətinliklərlə üzləşirlər.