Notariat büroları bu gündən mərhələli şəkildə açılacaq
Notariat bürolarının açılması və onların gündəlik adi iş rejiminə qayıtması Tbilisidən başladı.
Bu gün, mayın 20-də ilk belə büro Tbilisidə, Davit Qamrekeli küçəsi №6-da artıq fəaliyyətini yenilədi. Müvəqqəti notariat bürolarına gəldikdə isə, onlar mygov.ge-nin vətəndaş portalında işləməyə notariat bürolarnın fəaliyyəti tam başlayanadək davam edəcəklər. Bu haqda məlumatı Ədliyyə Nazirliyi yayıb.

“Notariat bürosu adi rejimdə işləmək hüququ qazanmaq üçün nazirliyə aşağıdakı tələblərə cavab verməsi haqqında müvafiq sənədlər təqdim etməlidir:
Büronun ümumi sahəsi 30m2-dən artıqdır;

Notariat bürosu və ya onun bir hissəsi binanın sıfır səviyyəsindən aşağıda yerləşmir;

Notariusun otağı digər otaqlardan ayrıdır və pəncərəsi var;

Vətəndaşları qəbul və ya gözləmə otağı ən azı 15 m2-dir və pəncərəsi var, amma vətəndaşları qəbul və ya gözləmə otağı eyni zamanda notariusun köməkçisinin otağıdırsa onda ən azı 20 m2 olmalıdır;

Vətəndaşların gözləməsi üçün nəzərdə tutulan otağın divarları arasında olan məsafə ən azı 3 metr olmalıdır;

Tərcüməçilərin də işlədiyi notariat bürolarında onun üçün ayrıca otaq olmalıdır, notariat bürosunun ümumi sahəsi isə bu zaman 40 m2-dən az olmamalıdır;

Əgər büroda eyni zamanda notariatın ikidən artıq əməkdaşı varsa (köməkçi, tərcüməçi və s.) notariat bürosunun ümumi sahəsi 50 m2-dən az olmamalıdır.
Müvafiq sənədləri (Mülki Reyestrdən çıxarış, çertyoj) tam şəkildə təqdim etdikdən sonra Gürcüstanın Ədliyyə Nazirliyi notariat bürosuna öz fəaliyyətini yeniləmək icazəsi verəcəkdir. İcazənin verilməsi məsələsinin müzakirəsi vaxtı Ədliyyə Nazirliyi həmçinin Gürcüstanda olan notariat bürolarının bu ilin aprel-may aylarında keçirilən təftiş nəticələrini də nəzərə alacaq. Təftiş çərçivəsində Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən yoxlanış 239 büroda həyata keçirildi, otaqların təsviri hazırlandı və şəkillər çəkildi”,
- deyə Ədliyyə Nazirliyindən bildiriblər.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Gürcüstan hökumətinin 23 mart qərarının əsasında martın 30-dan etibarən Gürcüstanda fəaliyyət göstərən notariat bürolarının hamısı bağlanmışdı. Bununla yanaşı, vacib hal olduğu zaman vətəndaşların notariat xidmətindən istifadə edə bilmələri üçün aprelin 1-dən Tbilisi və bölgələrdə 14 müvəqqəti notariat fəaliyyət göstərməyə başlamışdı. Bu gündən etibarən isə, müvəqqəti notariatlarla yanaşı, notariat büroları da mərhələli şəkildə öz fəaliyyətlərini yeniləməyə başlayırlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google