Dil, vətən, din - Mamuka Xazaradze Gürcüstandakı etnik azlıqların hüquqi vəziyyəti haqda nə düşünür

1 iyul tarixində “Lelo Gürcüstan üçün” partiyası Marneulidə sayca iyirmi dördüncü rayon təşkilatını açdı.



Partiya sədri Mamuka Xazaradze “Marneuli” radiosuna müsahibəsində “Lelo”nun planları və baxışları barədə söhbət açdı. Onun bildirdiyinə görə, Gürcüstan hökuməti etnik azlıqların inteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirmir.

“Bizim dövlətçilik yanaşmamız var və bu bütün vətəndaşların Konstitusiya və qanunla təmin olunmuş bərabərhüquqluluğu, hüquqlarının müdafiəsini nəzərdə tutur. Bizim bir nömrəli yanaşmamız budur. İkinci odur ki, biz milli, dini azlıqlara və ümumiyyətlə azlıqlara öz hüquqlarından yararlanmaqda dəstək olmalıyıq. Məncə 21-ci əsrdə bu barədə danışmaq hətta ayıbdır. Bu belə olmalıdır və bu münasibətə Dövlət Təhlükəsizlik Xidməti və s. orqanlar müdaxilə etməməlidir. Belə problemlər dövlətin zəif olduğu və azad adamların özünü ifadə etməsindən qorxduğu yerlərdə baş verir”, – Mamuka Xazaradze bildirdi.

Mamuka Xazaradzenin bəyanatına görə, əsas olan odur ki, partiyanın çoxmillətli olmasını göstərmək üçün etnik azlıqlar partiya siyahısına sünii şəkildə yazılmasın. Onun sözlərinə görə, namizədləri onların soyadına görə deyil, siyasi fəallıq və təhsilinə görə seçməlidirlər.

“Siz məndən də yaxşı bilirsiniz ki, Marneuli bələdiyyəsində qohumluq bölgüsü var və yerli kadrlar da burada azdır. Rustavidən, Tbilisidən adam gətirirlər. Bu yalnız sizin problem deyil, müxtəlif bələdiyyələrdə bu problem mövcuddur. Dövlət adamlara etibar etmir və əgər dövlət öz vətəndaşlarına inanmırsa, dövlət və idarəetmə problemi var. Marneulidə bizim çox sayda təhsilli adamlarımız var, niyə işləmək üçün Tbilisidən adam gətiməliyik. Məsələn, prokuror və s. vəzifələrdə işləyirlər. Bu deməkdir ki, sistem yararsızdır”, – Mamuka Xazaradze “Marneuli” radiosuna müsahibəsində bildirdi.

Xazaradze etnik azlıqların dövlət dilini aşağı səviyyədə bilməsi ilə bağlı dövlətin öhdəliyindən də söhbət açdı. Onun sözlərinə görə, dövlət insanları dil bilməməkdə günahlandırmamalıdır.

“Bu günə qədər Marneuli əhalisinin bir qisminin dövlət dilini bilməməsi dövlətin öhdəliyidir. Hollandiyaya emiqrant olaraq getsən və pasport almaq istəsən, dili, tarixi öyrənməmiş vətəndaşlıq vermirlər və bunun üçün dövlət ona kömək edir. Burada məsələ başqadır. Söhbət pasportun verilməsi deyil. Burada dövlət gürcü dilinin tədrisinə deyil, adamlara investisiya sərf etməlidir. Dövlətin funksiyasını insanların öhdəsinə qoya bilməzsən”, – Xazaradze bildirdi.

“Lelo Gürcüstan üçün” partiyasının sədri “Marneuli” radiosuna müsahibəsində Davit Qareci məsələsindən də söhbət açdı. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıları Davit Qareci probleminə görə günahlandırmaq səhvdir.

“Əgər dövlətsənsə və qonşu, qardaş dövlətlə münasibətin varsa, düşünürəm ki, bu mövzu daha çox yanlış menecment problemidir. Davit Qareci problemi Sovet İttifaqından gəlir və hələ o zaman bunları müəyyən edə bilmədilər. Mən əminəm ki, belə mövzular qaldırılan zaman həmişə üçüncü şəxsin müdaxiləsi olur. Üçüncü əl vasitəsilə Marneulili azərbaycanlıları günahlandırırlar ki, Marneulili azərbaycanlılar desin ki, bizim nə əlaqəmiz var. Bununla da tarixən iki dövlət arasında formalaşmış münasibətə zərər vurmaq istəyirlər. Mən düşünürəm ki, belə məsələnin bu səviyyəyə çatması hər iki dövlətin utancıdır".

Müsahibənin sonunda “Lelo Gürcüstan üçün” partiyasının sədri 2020- ci il Parlamen seçkilərində majoritar və proporsional namizədlər haqqında da söhbət açdı. Onun sözlərinə görə, Marneulidə majoritar deputatlığa kimin namizəd olacağı hələ məlum deyil.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google