Marneulidə "bələdçi xidmətinin" nə zaman qüvvəyə minəcəyi ayın sonunda məlum olacaq
Marneuli meriyasında görmə qüsurlu vətəndaşlar üçün bələdçi xidmətinin yaradılması planlaşdırılır. 2021-ci ilin 4 mart tarixində merin müavini Laşa Lobcanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, xidmətin yaradılması üçün iş prosesi artıq başlayıb.
Marneuli merinin müavininin sözlərindən təxminən iki ay ötüb. Ancaq bələdiyyədə bələdçi xidməti hələ də yaradılmayıb.

Bu gün, 24 may tarixində meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Qiorqi Meurmişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məsələ ilə bağlı ayın sonunda qərar qəbul olunacaq.

“Bu ayın sonuncu həftəsində meriyanın Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası planlaşdırılır və iclasda bunların hamısına qərar veriləcək”, – Qiorqi Meurmişvili bildirdi.

Meriyanın bələdçi xidmətindən neçə nəfər görmə qüsuru olan şəxsin yararlana biləcəyi hələ məlum deyil. Bələdiyyədə yaşayan görmə qüsurlu şəxslər bələdçi xidmətinin köməyi ilə müxtəlif dövlət, yaxud özəl qurumlara gedə və onlara lazım olan xidmətlərdən yararlana biləcəklər.

Görmə qüsurlu şəxslər bələdçinin köməyi ilə koronavirusa qarşı peyvənd vurdurmağa da gedə biləcəklər. Marneulidə peyvənd prosesi artıq 70 gündür davam edir. Xəstəliklərə nəzarət fəaliyyət planına görə, onlar aprel ayından fiziki imkanları məhdud şəxslərin peyvənd olunması üçün səyyar qruplar yaratmağı planlaşdırırdılar, ancaq bu xidmət hələ də yaradılmayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google