Məni dua mərasiminə çağırmışdılar – Tamaz Naveriani Daxili İşlər naziri, Yepiskop Qiorqi və Amiran Qiorqadze ilə birgə çəkdirdiyi foto barədə
5 iyun tarixində sosial şəbəkədə fotoşəkil yayımlanıb. Şəkildə Daxili İşlər naziri Vaxtanq Qomelauri, Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani), Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və Parlamentin keçmiş deputatı Tamaz Naveriani əks olunub.
Marneulinin keçmiş majoritar deputatı Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, görüşdə siyasi proseslərdən söhbət açılmayıb.

“Yepiskop dua mərasimi keçirirdi (პარაკლისი) və bununla əlaqədar məni də dəvət etmişdilər. Mənimlə başqa heç nə barədə söhbətləri olmadı və ümumiyyətlə siyasi proseslərdən də söhbət açılmadı”, – Tamaz Naveriani bildirdi.

“Marneuli” radiosunun 5 iyun tarixində keçirilmiş görüşün Yepiskop Qiorqi və Marneuli Bələdiyyə Məclisinin sədrinin barışması ilə əlaqəli olub-olmaması ilə bağlı sualına cavab olaraq Naveriani bildirdi ki, o, yalnız dua mərasimində iştirak edib, başqa məlumatı yoxdur.

“Əgər kimsə haradasa barışırsa, bu çox yaxşıdır. Ancaq bununla bağlı məlumatım yoxdur. Məni dua mərasiminə dəvət etmişdilər, getdim və gəldim. Adi qaydada iştirak etdim. Kim kiminlə barışır, bu mənim işim deyil və bu şəxsən onların işidir”, – Tamaz Naveriani dedi.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) “Marneuli” radiosunun zənglərinə cavab vermir. “Marneuli” radiosu Daxili İşlər Nazirliyindən Daxili İşlər nazirinin Marneuli və Hucabi Yeparxiyasına hansı məqsədlə gəldiyi ilə bağlı məlumat gözləyir.

Qeyd edək ki, 9 oktyabr 2020-ci il tarixində Marneuli və Hucabinin Yepiskopu Qiorqi “Marneuli” radiosuna bildirmişdi ki, bələdiyyədə ona qarşı məqsədyönlü şəkildə böhtan kampaniyası aparılır.

“Burada bir qrup var ki, bugünkü “Gürcü Arzusu”-nun qərargahında, yerli “Gürcü Arzusu”-nun qərargahında toplaşmış şəxslərdir. Gülməlidir ki, seçkiqabağı dövrdə belə böhtan kampaniyası ilə məşğuldurlar və məqsədyönlü şəkildə xalqı səhv yola yönləndirirlər. Bəzisindən aldatmaqla, bəzisindən uydurulmuş ittihamla, bəzisindən də təzyiqlə imza toplayırlar. Bu təsidqlənmiş faktdır… indiki mərhələdə ad və soyadları qeyd etmək istəmirəm. Onun da zamanı gələcək və bu barədə danışacağam”, – Yepiskop Qiorqi 9 oktyabr tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi.

9 oktyabr tarixində Marneuli və Hucabinin yeparxiyasının “Facebook” səhifəsində xüsusi bəyanat yayımlanmışdı. Bəyanatda deyilirdi ki, Yepiskop Qiorqi Camdelini “Gürcü Arzusu”-nun üzvü Temur Şubitidzeni döyməkdə ittiham edirlər və onun istefa etməsi tələbi ilə bələdiyyədə imza toplayırlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google