Uşaqların sağlam qidalanması valideynlərə neçəyə başa gəlir
Uşağın normal böyüməsi və inkişafı üçün sağlam qidalanma mühümdür. Uşaq yaşlarında formalaşan düzgün qidalanma insanın böyük yaşlardakı sağlamlığının əsasıdır. Kökəlmə, ürək, qan-damar xəstəlikləri, diabet və s. düzgün qidalanmamaı nəticəsində yaranır. Gün ərzində tənzimlənmiş qidalanma rejimi olmalıdır. Səhər yeməyi, nahar və şam. Uşaqlarla bağlı isə əlavə qida da olmalıdır.

“UNİCEF”-in araşdırmalarına görə, qidalar bir neçə qrupa bölünür: mey
və və tərəvəz, püre və dənli bitkilər, süd məhsulları, ət məhsulları, yumurta, paxlalılar, qoz-fındıq və dəniz məhsulları.

Gürcüstanda uşaq qidaları neçəyədir? Valideynlər qeyd olunan qidaları nə dərəcədə ala bilirlər? Bu barədə “Marneuli” radiosu bir neçə valideynlə söhbət apardı. Turac İbrahimova Marneuli bələdiyyəsinin Algeti kəndində yaşayır. Turacın iki azyaşlı uşağı var. O, qeyd edir ki, hər ay ərzaq və gigiyena ləvazimatları almaq üçün 1000 laridən artıq pul xərcləyir.

“İki uşağım var, böyük uşaq üç yaşında, kiçik isə altı aylıqdır. Böyük uşağa səhər sıyıqlar hazırlayıram, sonra yumurta, meyvə verirəm. Tərəvəz, yaxud ətli şorba, axşamlar isə yoqurt və ya başqa yüngül qidalar qəbul edir. Kiçik uşaq süni qida qəbul edir. Hər 10 gündə bir dəfə ona əczaxanadan yemək alıram və 65 lari ödəyirəm. İndi altı aylıqdır və sıyıqlar da yeyir. Ona görə xərc artacaq. Kiçik uşaq üçün 10 gündə bir dəfə aldığım süni qidaya 200 lariyə qədər, böyük uşağa isə 150 lariyə qədər pul lazımdır. Kənddə yaşayırıq və ərzaqların bir qismini almırıq. Bir sözlə, ayda uşaqların qidalanması, gigiyenik vasitələr almaq və həkimə aparmaq üçün ən az 1000 lari xərcləyirəm”,
— Turac bildirdi.

Daha bir valideyn, Aynurə Əliyeva uşaqların təminatı üçün hər ay 1300 laridən artıq pul xərcləyir. Onun iki uşağı var. Biri dörd digəri isə iki yaşındadır. Aynurə Qardabanidə yaşayır. Onun qeyd etdiyinə görə, uşaqların qidası üçün hər şeyi almalı olur.

“Uşaqlara gündəlik tərəvəz supu, süd məhsulları, ətli yeməklər, eləcə də yumurta və tövsiyə olunan hər şey yedizdirirəm. 2 və 4 yaşındakı uşaq üçün hər şeyi almalı oluram. Kənddə ərzaqların bir qismi olur və ailələr almır. Ancaq kənddə yaşamayanlar hər şeyi alırıq. Bundan əlavə, gigiyenik vasitələr və başqa xərclər də var. Ümumilikdə iki uşaq üçün hər ay ən az 1300 lari xərc lazımdır”, — Aynurə bildirdi.

“UNİCEF”-in araşdırmalarına görə, uşaq gün ərzində mütləq səhər yeməyi, nahar, şam və əlavə qidalar qəbul etməlidir. Bunların hamısına riayət etmək körpənin sağlamlığı üçün mühümdür. Araşdırmalar nəticəsində müəyyən edilib ki, uşaqlar səhər yeməyində gündəlik enerjinin 16%-ni, gündəlik kalsium, dəmir, tiamin və folimun üçdə birini qəbul edirlər. Səhər yeməyini yeməmək sağlam olmayan qidaların qəbuluna səbəb olur və uşaqlarda kökəlmə qeydə alınır. Uşaqlar səhər sıyıq, süd, yumurta, pendir, bal, yağ qəbul etməlidir. Körpəyə səhərdən şokolad, yaxud şokoladlı pirojna yemək olmaz.

Naharda uşaq zülal, yağlar və karbohidratların gündəlik ehtiyacının 20%-ni, kalsium, dəmir və A vitaminin gündəlik ehtiyacı 15% -i qəbul edir.

Valideynlər naharda uşaqlara davamlı şəkildə çörək və su təklif etməlidir. Eləcə də ət, yumurta, balıq, tərəvəz, paxlalılar, dənli bitkilər, kartof, desert olaraq isə meyvə, süd məhsulları, məsələn, yoqurt, qatıq, kəsmik verməlidir.

Şam yeməyi uşaqlar üçün əsas komponentdir. Uşaq yatana qədər təxminən iki saat əvvəl yemək yeməlidir. Pediatrın tövsiyəsinə görə, yüngül qidalar yeməlidir. Çünki gecə uşaq rahat yatmalıdır. Şam yeməyi süd məhsulları, sıyıq, meyvə, kəsmik ola bilər. Araşdırmada qeyd olunub ki, uşağın yeməyində mühüm olan yeməyin həcmidir. Uşaqlar yaşlarına uyğun olacaq həcmdə yemək qəbul etməlidirlər.

Turac İbrahimova və Aynurə Əliyeva “Marneuli” radiosuna bildirirlər ki, ilkin istifadə məhsullarının qiyməti hər gün bahalaşır. Onların dediyinə görə, bazarda 1 kq brokolini 3 lariyə alırlar. Pendirin qiyməti 15 laridən başlayır, qatıq və südün litri 2 laridir, alma 2 laridən başlayır. Balıq 6 lari, mal əti isə təxminən 18 laridir. Eləcə də qeyd edirlər ki, qiymətlərin artması ilə yanaşı uşaqların qidalanması üçün onların xərci də artır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები