Vətəndaşlar sahibsiz itlərin sığınacağa aparılması üçün kimə müraciət etməlidirlər
Marneulidə sahibsiz itlərin çoxluğundan narahat olan vətəndaşlar diqqət tələb edir. Rustaveli küçəsində yaşayan, adının hallanmasını istəməyən sakin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, itlərin bir qismi aqressivdir və buna görə onun övladları tez-tez evə qorxmuş vəziyyətdə gəlirlər. Küçə sakinlərinin sözlərinə görə, bu zaman kimə müraciət edəcəklərini də bilmirlər.

“Uşaqlar axşam rəqsə getmişdilər, evə ağlayaraq, qorxmuş vəziyyətdə
gəldilər. Bu dəfələrlə baş verib. Bu problem yalnız bizdə deyil. İllərdir, bu məsələ ciddi şəkildə var, bu zaman kimə müraciət edəcəyimizi də bilmirik ki, itləri aparsınlar”.

Sahibsiz itlərin sığınacağa aparılması öhdəliyini daşıyan qurumlardan biri Marneuli meriyasıdır. Bələdiyyənin Əmlak İdarəsi Xidmətinin rəhbəri Davit Xarşiladze deyir ki, belə hallarda vətəndaşlar Marneuli meriyasının qaynar xəttinə zəng vurmalıdırlar.

“Əhali bizə məlumat verdi, heyvanı müvafiq sığınacağa aparacağıq. Zəng vurduqdan sonra növbəti gün gedəcəyik. Bundan əlavə qrafikimiz var, ayda bir neçə dəfə heyvanlar aparılır və müvafiq müayinələrdən keçirildikdən sonra geri qaytarılır. Əgər lazım olarsa, həftədə iki dəfə də gələrlər və itləri sığınacağa apararlar”, – Xarşiladze bildirdi.

Marneuli bələdiyyəsi sahibsiz itlərin sığınacağa aparılması üçün 2022-ci ildə 42 250 lari ayırıb. Tenderdə qalib gəlmiş şirkət lazım gələn halda itləri Ozurgetiyə sığınacağa aparmalıdır və müvafiq proseduralardan sonra yenə Marneuliyə qaytarmalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google