“Ukraynalı uşaqlarla həmrəylik” – Marneuli Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib
15 aprel tarixində Marneuli Mədəniyyət Mərkəzi və “Şagird-Gənclər Milli Sarayının” skripkaçılar ansamblı “Sİ-Mİ”-nin təşəbbüsü ilə Mədəniyyət Mərkəzində “Ukraynalı uşaqlarla həmrəylik” adlı xeyriyyə konserti keçirilib. Konsertdə Marneulili pedaqoqlar və şagirdlər iştirak edirdilər. Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvilinin sözlərinə görə, qeyd olunan ansambl bütün Gürcüstan miqyasında xeyriyyə tədbirləri keçirir.

“İdeya və məqsəd odur ki, həmyaşıdlar bu prosesdə iştirak etsin. Bu gün Ukraynada ağır yol keçən uşaqlara və ümumiyyətlə, Ukrayna xalqı ilə bu həmrəylik həmyaşıdlar tərəfindən olsun. Bizə məlum olduğuna görə, bu marafon xarakteri daşıyır. Şagird-gənclər ansamblı bütün Gürcüstan miqyasında belə tədbirlər keçirir. İanə üçün səhnəyə qutu yerləşdirilib. Hər bir istəyi olan şəxs dəstəyini göstərə bilər”, — Nato Şavişvili bildirdi.

Tədbirdə Ukraynadan gəlmiş ailələr iştirak edirdilər. Yulia Şerban “Marneuli” radiosuna bildirdi ki, belə dəstəyə görə, hər kəsə minnətdardır.

“Belə konsert təşkil etdiyiniz üçün sağ olun. Gürcüstanda xalqın bizi belə möhkəm dəstəkləməsi xoşdur. Hər şey üçün minnətdaram. Özümü qəribə hiss edirəm, belə bir şey gözləmirdim”, — Yulia Şerban dedi.

Rusiya Ukraynaya 24 fevral tarixində hücum edib. Ukraynada müharibənin 51-ci günüdür.

Bütün bu vaxt ərzində dünya ölkələrindən və Gürcüstandan da Ukraynaya dəfələrlə humanitar yardım göndərilib. Marneuli bələdiyyəsi də yardımlara qoşulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google