Marneuli şəhərində, Nərimanov küçəsində eyvanların uçması
nəticəsində iki qadın dünyasını dəyişib. Onlardan biri hamilə olub.
İki azyaşlı isə tibb müəssisəsində müalicə alır. Həkimlər dünyasını
dəyişmiş hamilə qadının körpəsini xilas edə biliblər. Körpə
Tbilisidə, reanimasiya şöbəsindədir. Marneuli “Aversi”
klinikasından bildirirlər ki, 26 yaşlı hamilə qadın xəstəxanaya
aparılan zaman nəfəsi dayanıbmış.
“İki xəstə gətirdilər. Biri hamilə və ağır vəziyyətdə
idi. Digəri isə 7 yaşlı uşaq idi. Azyaşlı yüngül xəsarət almışdı,
onun vəziyyəti stabildir, bizdə müalicə alır. Hamilə qadın isə
faktiki olaraq ölmüşdü. Buna baxmayaraq, yenə də reanimasiya
tədbirləri aparıldı. Gətirildikdən 4 dəqiqə sonra qeysəriyyə
əməliyyatı etdik. Körpə doğulduqdan sonra ürək döyüntüsü dayandı.
Amma sonra bərpa olundu. Uşaq üçüncü səviyyəli yeni doğulmuş
uşaqlar üçün reanimasiya şöbəsinə, Tbilisiyə aparılıb. Cəhdlərimizə
baxmayaraq, qadını xilas etmək mümkün olmadı”, –
Aversidən bildirdilər.
Hadisə baş verdikdən sonra xəsarət alanlardan birini – 8 yaşlı
uşağı ağır vəziyyətdə Marneuli “Geo Hospitals” klinikasına
aparıblar. Klinikadan bildirdilər ki, uşaq bud nahiyəsindən ağır
xəsarət alıbmış. Ona ilkin tibbi yardım göstərilib və Tbilisiyə,
“Amtel Hospitalsa” yerləşdirilib.
“Xəstəni stabil vəziyyətdə yola saldıq. Doğrudur, uşaq
süni tənəffüs aparatına qoşulmuşdu, amma vəziyyəti stabil idi.
Gətirilən zaman çox sayda xəsarət qeydə alınırdı, xüsusilə bud
nahiyəsində vəziyyət ağır idi. Sınıq və çox böyük yara var idi.
Yaxşı ki, qan damarlarına ziyan dəyməmişdi, yoxsa xəstə çox qan
itirərdi, xəstəxanaya da çatdıra bilməzdilər”, –
klinikadan bildirdilər.
26 iyun tarixində, axşam saatlarında Marneulinin Nərimanov küçəsi 1
ünvanında beşinci mərtəbənin eyvanı uçub. Beşinci mərtəbənin eyvanı
uçaraq dördüncü mərtəbənin eyvanının da uçmasına səbəb olub. Daxili
İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, faktla
bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır.
Həmin maddə tikinti və ya başqa işlər zamanı təhlükəsizlik
qaydalarının pozulmasını nəzərdə tutur.