Marneulidə unun qiyməti yenə artıb. Marneuli bazarında un satan
satıcılar bildirirlər ki, 50 kiloqramlıq un kisəsi təqribən 4 lari
bahalanıb.
Onların sözlərinə görə, əgər alıcı indiyə kimi birinci keyfiyyətli
unu 78-79 lariyə alırdısa, indi həmin kisəyə 83 lari verməli
olacaq.
“Birinci keyfiyyətli unun qiyməti 83 lariyə qədər artıb. Yüksək
keyfiyyətli un isə demək olar, 100 laridir. Gətirdiyimiz yerdə
qiyməti artırıblar. Bəlkə yeni məhsuldan sonra qiymətlər də
qaydasına düşsün, indi artıb”, – un satıcısı Nəsimi
Bəxtiyarov bildirdi.
Unun bahalaşması çörəyin qiymətinin artmasına səbəb olub. Zura
Ququnaşvili illərdir, Marneulidə çörək bişirir. O, bildirdi ki, bir
lavaşı 1,20 lariyə satırdı, ancaq unun qiyməti artandan sonra lavaş
30 tetri bahalaşıb.
“İki həftədən artıqdır, un bahalanıb və mən də çörəyin qiymətini
artırmalı oldum. Başqa çörəkxanalarda bilmirəm, nə edirlər, amma
mən qiyməti artırmaqla yanaşı çəkini də artırmışam. Bu özəl
müəssisədir və kim necə istəyir, elə edir. Çörək almağa gələnlərdən
utanıram. Qiymət belə artıb. Xalqın pulu yoxdur, almağa gələndə
utanıram, çoxu maddi baxımdan çətinlik çəkir”, –
Ququnişvili bildirdi.

Daha bir çörəkxana sahibi Temur Martiaşvili “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, unun bahalaşması ilə yanaşı təbii qazın
qiymətinin artması da çörəyin bahalaşmasına səbəb olub. Çörəkxana
sahibləri demək olar gəlir üçün işləmirlər.
“Bizdə çörək 1,50 laridir. Unun qiymətinin artması ilə
yanaşı çörək də bahalaşıb. Ancaq təbii qazın qiymətinə görə qiyməti
artırmağa məcbur olduq. Bizə heç nə qalmır, hansı gəlirdən söhbət
gedir, əziyyət çəkirik, heç nə də alınmır”, –
Martiaşvili bildirdi.
Leyla Nəsibovanın sözlərinə görə, unun qiymətinin artması əhalinin
onsuz da ağır iqtisadi vəziyyətini daha da çətinləşdirir. O, gündə
6 çörək almalı olur və demək olar, bütün maaşını aydan-aya yalnız
çörəyə ödəməli olur.
“Hər şey bahadır, çörəyin bahalaşması həmişə pisdir.
Çörək elə qidadır ki, insan onunla yaşayır. Belə 5-10 tetri
artırırlar. Mən gündə altı çörək alıram, ailəyə yalnız çörək lazım
deyil, maaşlar azdır, iş də azdır, əhali necə
yaşamalıdır”, – Nəsibova bildirdi.
Son aylar ərzində çörək ununun qiyməti mərhələli şəkildə artıb.
Müvafiq olaraq, çörəyin qiyməti də təxminən 30-40 tetri artıb.
Çörəyin qiymətinin artması yalnız Gürcüstanda deyil, bütün dünyada,
cari ilin fevralından Rusiyanın Ukraynaya hücumundan sonra xüsusilə
diqqət mərkəzindədir. “Gürcüstanın Buğda və Un İstehsalı
Assosiasiyasının” icraçı direktoru bildirir ki, Gürcüstan üçün ən
böyük buğda tədarükçüsü olan ölkə – Rusiya tərəfindən son bir ildə
tətbiq edilmiş gömrük vergiləri buğdanın qiymətini əhəmiyyətli
dərəcədə artırdı.