“İstinad qiyməti hələ tətbiq edilməyən dərmanlar
apteklərdə idxal qiymətindən 32 dəfə baha, bəzi hallarda 1000%,
2000% və 3000% əlavə qiymətlərlə satılır”, - bu haqda
Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Onların hesabatlarına görə, böyük əczaçılıq şəbəkələrində
dərmanların qiymətlərinin demək olar ki, eyni olduğunu da qeyd
etmək lazımdır. Nazirlikdən bildirilib ki, qiymətlərin həddən artıq
olması və qiymətlərin üst-üstə düşməsi əczaçılıq şirkətləri
arasında ədalətsiz razılaşmanın olması və dominant mövqedən düzgün
istifadə edilməməsi barədə əsaslı şübhələr yaradır.
“Dərmanların qiymətinin süni şəkildə artırılması
Səhiyyə Nazirliyi üçün qəbuledilməzdir. Mövcud ədalətsiz qiymətlər
və qeyri-sağlam rəqabətlə sektor maksimum qazanc əldə etmək üçün
vətəndaşlara ziyan vurur. Aydındır ki, dərmanların sərbəst qiymət
formalaşması yoxdur, bazarda fəaliyyət göstərən iri iqtisadi
agentlər arasında razılaşma əsasında sağlam rəqabət
məhdudlaşdırılır.
Böyük əczaçılıq şirkətlərinin qiymət siyasətləri kartel
sövdələşmələrinin əlamətlərini ehtiva edir. Müvafiq olaraq,
məsələnin öyrənilməsi üçün Səhiyyə Nazirliyi Milli Rəqabət
Agentliyinə müraciət edəcək və bütün lazımi sənədləri ona təhvil
verəcək.
İctimaiyyəti məlumatlandırmaq məqsədi ilə izah edirik ki, yaxın
vaxtlarda dövlət tərəfindən adları çəkilən dərman vasitələrinə
ədalətli, istinad qiymətləri (yuxarı qiymət həddi) müəyyən ediləcək
və bu qiymətlərdən yuxarı satışı qadağan olunacaq”, -
deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.