Mağalaşvili körpüsünün bərpası yanvar ayının sonuna qədər başa çatacaq – şirkət rəhbəri
Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işləri hələ də aparılır. 30 noyabr tarixindən Mağalaşvili körpüsündə hərəkət məhdudlaşdırılıb. Bu isə şəhərdə tıxacların yaranmasına səbəb olub.

Marneuli meriyasından ilk mərhələdə bildiriblər ki, körpüdə avtomobillərin hərəkəti 20 dekabr tarixindən bərpa olunacaq. Sonra isə körpüdə hərəkətin yeni ilə qədər bərpa olunacağını vəd etmişdilər. Amma maşınların körpüdə hərəkəti hələ də bərpa olunmayıb.

Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini həyata keçirən “İrlani” MMC şirkətinin rəhbəri Temur Tabukaşvili bildirib ki, körpünün bərpası işləri yanvarın sonuna qədər başa çatdırılacaq.

“Bütövlükdə ayın sonuna qədər başa çatdırılacaq. Hərəkət hissəsinin açılması ilə əlaqədar hələ yenilik yoxdur, yeni il günləri olduğuna görə asfalt hazırlayan zavodlar işləmirdi, zavodların açılmasını gözləyirik, sonra asfalt çəkiləcək”, – Temur Tabukaşvili bildirib.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş aydan artıqdır, davam edir. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün, təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt verilmişdi.


Qeyd edək ki, Marneuli meriyası körpünün bağlanmasına görə yaranmış tıxacları yüngülləşdirmək üçün Mağalaşvili körpüsünün altından müvəqqəti dəmiryolu keçidi də düzəldib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google