Azyaşlıya qarşı nalayiq hərəkətdə ittiham olunan şəxsə bəraət verilib – Prokurorluq qərarı şikayət edəcək
2023-cü ilin may ayında Marneulidə azyaşlıya qarşı nalayiq davranışda ittiham olunan dayısı həbs olunub. 2024-cü ilin 8 fevral tarixində Rustavi Şəhər Məhkəməsi müttəhimə bəraət verib.

Prokurorluqdan “Marneuli” radiosuna verilən məlumata görə, Prokurorluğun İstintaq İdarəsinin apardığı istintaq nəticəsində aydın olub ki, müttəhim əvvəlcədən bilərək azyaşlıya – zərərçəkənə qarşı qeyri-zorakı nalayiq davranışlar həyata keçirirmiş.

“Prokurorluq Rustavi Şəhər Məhkəməsinin qərarı ilə razılaşmır. Qərara görə, azyaşlıya qarşı nalayiq davranışda ittiham olunan şəxs Gürcüstan Daxili İşlər Nazirliyinin Quru Sərhəd Mühafizə Departamentinin baş sərhədçisinə bəraət verilir və qərar apellasiya qaydası ilə şikayət olunacaq.

Kvemo Kartli Regional Prokurorluğunun İstintaq Şöbəsi tərəfindən aparılan istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs on altı yaşına çatmamış zərərçəkən şəxsə qarşı zorakılıq tətbiq etmədən nalayiq hərəkət edib.

Müttəhimə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi (bilərəkdən on altı yaşına çatmamış şəxslə zorakılıq tətbiq edilmədən nalayiq hərəkətlər) ilə ittiham irəli sürülüb”,
– Prokurorluğun məlumatında qeyd olunub.

Gürcüstan Prokurorluğundan bildirirlər ki, məhkəmənin qərarını qanunla müəyyən edilmiş müddətdə Apellyasiya Məhkəməsinə şikayət edəcəklər.

Qeyd edək ki, 16 yaşlı qız 2023-cü ilin may ayında feysbuk səhifələrindən birində paylaşım edərək bildirib ki, o, illər ərzində dayısı tərəfindən cinsi zorakılıq qurbanı olub. Bundan sonra hüquq-mühafizə orqanları faktı araşdırmağa başlayıblar. Dayısı qızın zorakılıqla bağlı ictimai məlumat paylaşmasından sonra qısa müddətdə saxlanılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google