Bu gün, 14 fevral tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı
kəndində ümumi kənd toplantısı baş tutub.
Marneuli bələdiyyəsində ümumi kənd toplantıları kəndə dəstək
proqramı çərçivəsində keçirilir.
Qızılhacılı kəndində toplantı saat 15:00-da planlaşdırılmışdı.
Əhalinin imzasının toplanması prosesinə görə, toplantı 20 dəqiqə
gec başladı. Marneuli meriyasının nümayəndələri Qızılhacılı
sakinlərinə bildiriblər ki, kəndə dəstək proqramı çərçivəsində
kəndə 20 000 lari ayrılıb və Qızılhacılıdan meriyaya proqram
çərçivəsində küçə işıqlarının quraşdırılması ilə bağlı müraciət
daxil olub. Eləcə də əhaliyə onlar üçün mühüm olan layihələri qeyd
etməklərini təklif ediblər.
“Böyük kənddi və problem də çoxdur, amma vəsait az
olduğuna görə, yaxşı olar ki, bu pul ilə küçə işıqları
düzəldilsin”, – Qızılhacılı sakinlərindən biri
bildirib.
Qızılhacılıda əhali 2023-cü ildə olduğu kimi küçə işıqlarının
quraşdırılmasını dəstəkləyib.
Qızılhacılıda mer nümayəndəsinin səlahiyyətlərini icra edən
Sədrəddin Talıbov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib
ki, kənddə 42 kilometr yol var və buradan yanız 21 kilometrdə küçə
işıqları quraşdırılıb. Onun sözlərinə görə, ötən il kəndə dəstək
proqramı çərçivəsində Qızılhacılıda 59 yeni küçə işığı dirəyi
quraşdırılıb.
Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala
qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb.
Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə
tutulub.