Dmanisi bələdiyyəsində sahibsiz heyvanlar məsələsi ilə bağlı
ictimai məsləhətləşmə baş tutub.
Məqsəd ictimaiyyətin iştirakı ilə sahibsiz heyvanların idarəolunma
siyasəti üçün tövsiyələrin hazırlanması idi. İctimai məsləhətləşmə
baş tutana qədər bələdiyyədə araşdırma aparılıb.
Araşdırma əsasında aydın olub ki, sahibsiz heyvanlar problemi
vətəndaş sektorunu, eləcə də yerli özünüidarə nümayəndələrini
narahat edir. “Vətəndaş Cəmiyyəti İnstitutunun” nümayəndəsi Natia
Apxazava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, ictimai
məsləhətləşmə USAİD-in yerli özünüidarə proqramı çərçivəsində baş
tutub.
“İctimai məsləhətləşmənin məqsədi bələdiyyənin sahibsiz
itlərə, pişiklərə qulluq göstərilməsi, onlar üçün şəraitin
yaxşılaşdırılması baxımından nə edə biləcəyi barədə tövsiyələr
almaqdır. Burada alınan tövsiyələr bələdiyyədə təqdim olunacaq ki,
Bələdiyyə Məclisi, meriya səviyyəsində nə edilə bilər. Eləcə də
büdcə resurslarının ayrılması məqsədilə nə etmək mümkündür və ümid
edirəm ki, başqa bələdiyyələr də bu təcrübədən yararlanacaqlar.
Çünki hər hansı bələdiyyəyə getsəniz ilk beş problem arasında biri
mütləq bu olacaq”, – Natia Apxazava bildirib.
İctimai məsləhətləşmədə Dmanisi əhalisi və yerli özünüidarə
nümayəndələri, eləcə də Tetritskaro və Tbilisi meriya
nümayəndələri, mövzu ilə əlaqədar ekspertlər iştirak ediblər.
Maraqlanan şəxslər məsləhətləşmədə iştirak etmək üçün əvvəlcədə
qeydiyyatdan keçə bilərdilər.
Görüş vətəndaş iştirakının innovativ vasitələri ilə baş tutub.
Həmin vasitələr məlumatlandırılmanı, tövsiyələr üzərində işləməyi
və səsvermə fazalarını əhatə edir. Tbilisi Heyvanların Monitorinqi
Agentliyi “Mayhew Georgia” və Tetritskaro Gənclər Mərkəzinin
nümayəndələri vətəndaşlarla sahibsiz heyvanların idarə olunması və
müsbət təcrübələr haqqında söhbət aparıblar.
Dmanisi Bələdiyyə Məclisinin sədri Paata Kuliaşvili “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, özünüidarə sahibsiz
heyvanlar məsələsi üzərində uzun zamandır işləməyə başlayıb.
“Biz yerli büdcə layihəsini müzakirə edirdik, ictimai
müzakirəmiz oldu və əhali ilə görüşdük. Əhali tərəfindən bu
problemlə bağlı çox suallar verildi. Məhz o zaman araşdırmanı,
əhali ilə görüşlər keçirəcəyimizə və ekspertlərlə məsləhətləşmələr
aparacağımıza daha dəqiq qərar verdik. Biz öz imkanlarımız
daxilində birinci mərhələdə bu problemin həlli üçün zəruri olan
minimum proqramı həyata keçirməyə tam hazır olduğumuzu
bildiririk”, – Paata Kuliaşvili bildirib.
“Mayhew Georgia”-nın (heyvanların idarə olunması sahəsində
Britaniya xeyriyyə təşkilatı) baş baytar həkimi Ana Metsxvarişvili
sahibsiz heyvanlar üçün siyasətin yaradılmasını və yerli
özünüidarəetmə orqanları tərəfindən xidmətlərin həyata
keçirilməsini müsbət qiymətləndirir. Onun sözlərinə görə, son illər
ərzində Gürcüstanın müxtəlif regionları əhali arasında sahibsiz
heyvanlar haqqında məlumatlılığın artırılması məqsədilə fəal
şəkildə məlumat kampaniyalarına başlayıb.
Yerli sakin, incəsənət müəllimi və Dmanisinin “İdarəetməyə qoşul”
klubunun üzvü Veriko Qotsiridze Dmanisidə sahibsiz heyvanlar
mövzusunda fəaliyyətə başlamağı müsbət qiymətləndirir və bildirir
ki, gənclərin sahibsiz itlərlə necə rəftar edəcəyi haqqında
məktəbdən məlumat alması mühümdür.
“Əhalidə, eləcə də uşaqlarda məlumatlandırma
səviyyəsini artırmaq çox mühümdür. Çünki sonradan bu itlərin
qayğısına qalacaq nəsil həmin uşaqlardır. Məhz buna görə, hesab
edirəm ki, məktəblərdə daha çox görüşlər keçirilməlidir və dəvət
olunmuş ekspertlər uşaqlarla söhbət aparmalıdırlar”,
– Veriko Qotsiridze bildirdi.
Görüşdə Dmanisi bələdiyyəsinin sahibsiz heyvanların idarə olunması
siyasətinin əsasını təşkil edəcək 31 tövsiyədən 3 prioritet tövsiyə
səsvermə yolu ilə müəyyən edilib.
Həmin prioritetlər bunlardır:
- Sahibsiz itlərin kastrasiya və
sterilizasiyası;
- İctimaiyyətin məlumatlandırılma
kampaniyası;
- Bələdiyyə tərəfindən sahibsiz heyvanlar strategiyası və
büdcə proqramının hazırlanması.
“İdarəetməyə qoşul” klubunun üzvləri Dmanisdə fəaliyyətini davam
etdirir və yerli özünüidarəetmə orqanları ilə birlikdə müəyyən
edilmiş prioritet məsələləri təbliğ etməyə çalışacaqlar.
Tədbir Dmanisi Bələdiyyəsinin, Vətəndaş Cəmiyyəti İnstitutunun
(CSI), Dmanisinin ”İdarəetməyə qoşul” klubunun təşəbbüsü, USAID-in
Yerli Özünüidarə Proqramının dəstəyi ilə həyata keçirilir.