Marneuli növbədənkənar mer seçkilərində bütün məntəqələrin nəticələri açıqlandı
Marneulidə növbədənkənar mer seçkilərinin ilkin məlumatları artıq bəlli olub. Mərkəzi Seçki Komissiyasının veb-səhifəsində bütün məntəqələrin nəticələri yayımlanıb.

“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın namizədi Zaur Darğallı seçicilərin 78.6%-nin etimadını qazanaraq qalib gəlib. Ona səs verən seçicilərin sayı 28 088 nəfərdir.

Səslərin sayına görə, ikinci yerdə “Vahid Milli Hərəkat – Birləşmiş müxalifət”in namizədi Aqil Mustafayevdir. Ona 4 106 nəfər seçici səs verib ki, bu da səsvermədə iştirak etmiş seçicilərin ümumi sayının 11.49%-nə bərabərdir.

Üçüncü yerdə “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev qərarlaşıb. O, 2 696 səs toplayıb, bu isə 7.54% deməkdir.

Dördüncü yeri isə müstəqil namizəd Əli Bədirov tutub. Ona cəmi 431 nəfər səs verib ki, bu da 1.21%ə bərabərdir.

Geridə qalan 1.16% səs isə digər 11 namizədin arasında bölünüb.

Marneuli 22 saylı seçki dairəsində ümumilikdə 90 seçki məntəqəsi var idi ki, bunlardan da 15-i Marneuli şəhərində, 75-i isə bələdiyyəyə daxil olan 84 kənddə yerləşirdi.

Qeyd edək ki, Marneuli meri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparırdı, lakin onlardan cəmi dördü seçki proqramını təqdim etmişdi.


Print ელ. ფოსტა
FaceBook Twitter Google