Qızların qaçırılması – təşkilatlar və fəallar dövlətin fəaliyyətsizliyindən danışırlar

30 iyun tarixində üç nəfər Marneulili kişi əvvəlcədən razılaşaraq, mütəşəkkil qrup şəklində şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi ittihamı ilə saxlanılıb.


Onlar 23 yaşlı qızı qaçırmaqda ittiham olunurlar. Daxili İşlər Nazirliyinin məlumatına görə, 1977-ci il təvəllüdlü A.F. ona kömək edən 2000-ci il təvəllüdlü İ.M. və 2002-ci il təvəllüdlü İ.İ. ilə birgə evlənmək məqsədi ilə qız qaçırıb.

Marneulili mülki fəallar və təşkilat nümayəndələri qızın qaçırılması hadisəsinə münasibət bildiriblər.

“Salam” mülki hərəkatının sədri Elnur Əlisoyun sözlərinə görə, evlənmək məqsədi ilə qız qaçırmanın əsas səbəbi dövlət qurumlarının biganəliyidir. Əlisoy bildirdi ki, dövlət cinayətkarlara mülayim yanaşır və buna görə də əhalidə elə təəssürat yaranır ki, qızların qaçırılması cəzalandırılmır.

“Qızın qaçırılma səbəbələri ilə bağlı tərəflər ayrılıqda araşdırılmalıdır. Ancaq bu halda məni daha çox polislərin, hüquq müdafiəçilərinin, məhkəmə və qanunvericiliyin bu məsələyə yanaşması maraqlandırır. Cinayəti törədənlər cəzalandırılmayıb və polis tərəflərə deyir ki, dalaşmasınlar və onları qismən barışmağa çağırır. Bu gün polislərin yanaşması belədir. Mənim fikrimcə bu cinayət üçün cəza və hüquq müdafiə orqanlarının reaksiyası sərtləşdirilməlidir. Polislər mesaj alan kimi hərəkət etməlidirlər və tərəflərin nə dediyinə diqqət etməməlidirlər”, – Elnur Əlisoy deyir.

Elnurun sözlərinə görə, qızın qaytarılmasından sonra ailə baş vermiş faktı unutmaq istəyir və əksər hallarda zorakı şəxsdən şikayət etmir. Onun dediyinə görə, bu zaman hüquq müdafiə orqanlarının işi davam etdirməsi və cianyətkarı cəzalandırması vacibdir.

Xocorni ictimai məktəbinin pedaqoqu Kamran Əfəndiyev dövlətin öhdəliyindən söhbət açdı. Onun sözlərinə görə, dövlət mütləq cinayətkarları cəzalandırmalıdır.

“Qızların qaçırılması savadsız və namussuz adamların hərəkətidir. Adət-ənənənin buraya heç bir aidiyyatı yoxdur. Azərbaycanlı icmasında problemlərdən biri də ağsaqqallardır. Onlar çox hallarda münaqişəni həll etməyə cəhd edirlər. Ailələri barışmağa çağırır və xahiş edirlər ki, məhkəməyə şikayət etməsinlər. Bu halda dövlət cəzanı ikiqat artırmalıdır və zərərçəkənin qərarına baxmayaraq qız qaçıranı yenə də cəzalandırmalıdır”, – Kamran Əfəndiyev dedi.

Gender məsələləri üzrə mütəxəssis Nona Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə qız qaçırma halları hər il baş verir.

“Ötən illə müqayisədə vəziyyət yaxşılaşıb, amma ötən illərdə bu hərəkəti törədənlər müvafiq şəkildə cəzalandırılmayıb və buna görə adamlar, kişilər evlənmək məqsədi ilə qızı qaçırırlar və azadlıqdan məhrum edirlər. Dövlət strukturları məsələ qeyri-gürcüdilli əhaliyə aid olan zaman güzəştə gedirlər. Niyəsə elə düşünürlər ki, qeyri-gürcüdilli əhaliyə qarşı daha da güzəştə getməlidirlər, çünki onlar etiraz edəcəklər və bu düzgün yanaşma deyil”, – Nona Samxaradze bildirdi.

Gender mütəxəssisinin sözlərinə görə, qızların qaçırılmasına səbəb məlumatsızlıq və təhsil çatışmazlığıdır.

“Kişi düşünür ki, qadın onun mülküdür və onu azadlıqdan məhrum edə bilər. Gender problemi bundan ibarətdir”, – Nona Samxaradze dedi.

Marneulili qızın qaçırılması faktını Xalq Müdafiəçisi araşdırır. Qurumdan qaçırılma faktı ilə bağlı ətraflı məlumat verməkdən çəkinirlər. Xalq Müdafiəçisinin Kvemo Kartli regional nümayəndəsi Mariam Qvidiani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Kvemo Kartli regionunda erkən yaşda evlilik, nişanlanmaq məsələsi ciddi şəkildə mövcuddur və məcburi evləndirilmə halları tendensiyası da var. Qanunsuz azadlıqdan məhrum etmə faktları da qeydə alınır.

“Xalq Müdafiəçisi tərəfindən etnik azlıq nümayəndəsi olan qızların erkən yaşda evləndirilməsi və buna müvafiq reaksiya göstərilməməsi problem hesab edilir. Qanunsuz azadlıqdan məhrum etmə, məcburi evlilik kimi cinayətlərə vaxtında və effektiv reaksiya göstərilməsi yenə də problem olaraq qalmaqdadır. Müvafiq reaksiya göstərilməyəndə əlbəttə, bu kimi cianyətlərə həvəs yaranır və cinayətkarlar düşünür ki, bu kimi hərəkətlər törədən zaman onlar məsuliyyətə cəlb olunmayacaqlar”, – Mariam Qvidiani dedi.

Xalq Müdafiəçisinin Kvemo Kartli regional nümayəndəsi bildirdi ki, fakt səs-küyə səbəb olan zaman bu kimi hallarla bağlı daha güclü fəaliyyət göstərilir. Sonra isə fakt müəyyən qədər kölgədə qalanda fəaliyyət zəifləyir.

Mariam Qvidianinin bəyanatına görə, bu problemlə uzun müddət mübarizə aparmaq üçün heç bir qurumun hər hansı dövlət strategiyası yaxud sənəd yoxdur.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024