Tabatadzenin sözlərinə görə, Marneuli meriyasının bundan sonrakı fəaliyyəti epidemioloji vəziyyətə bağlıdır

Marneulinin Şaumiyani kəndində olan qaçqınlar məntəqəsində hazırda koronavirusa yoluxan şəxsin təmasları araşdırılır.



Marneuli merinin səlahiyyətini icra edən Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu gün, 24 sentyabr tarixində koronavirusa yoluxan şəxsin təmasda olduğu insanlardan virusla bağlı analiz götürəcəklər.

“Bu gün analiz götürüləcək və analizin cavabları gəldikdən sonra qərar qəbul edəcəyik. Yoluxanın təmaslarının bir qismi karantin sahəsinə aparıla bir qismi isə ictimai səhiyyə mərkəzinin nəzarəti altında özünütəcriddə qala bilər”,
– Tabatadze dedi.

Marneulidə koronavirusa yoluxma halı “Aversi” klinikasında qeydə alınıb.

Klinikanın direktoru Manana Kapanadzenin sözlərinə görə, xəstə onların klinikasına 23 sentyabr tarixində yerləşdirilib. Virusa yoluxan şəxs Marneuli bələdiyyəsinin Şaumiyani kəndinin qaçqınlar məntəqəsinin sakinidir.

“Klinikanın daxili qaydasına görə bütün xəstələrə potensial virusa yoluxan xəstə kimi xidmət göstəririk. Ona görə də bizim bütün əməkdaşlarımız xəstələrə müvafiq qaydada geyinərək xidmət göstərirlər. Həmin xəstənin şikayətlərindən virusa yoluxması ehtimal olunurdu. Ona görə analiz götürdük və müsbət cavab gəldi. Prosesə epidemioloqlar qoşulub. Təmasların müəyyənləşdirilməsi prosesi aparılır. Xəstə virusa yoluxanlar üçün klinikaya yerləşdiriləcək. Hazırda özünütəcrid palatasındadır”,
– Manana Kapanadze dedi.

Bir neçə aydır ki, Marneulidə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bu gün ölkə miqyasında yeni yoluxanların sayı 259 nəfərdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google