Hakim müstəqil şəkildə qərar verə bilmədi və iclası təxirə saldı – Qiorqi Mumladze
2 iyun tarixində Bolnisi Rayon Məhkəməsində 29 apreldə Marneuli meriyasında saxlanılmış fəalların məhkəmə iclası baş tutub. Qiorqi Mumladze və daha beş nəfər mülki fəal Marneuli meriyasının ərazisində inzibati qaydada saxlanılmışdı.

“Gürcüstan naminə hərəkat”-ın üzvü Qiorqi Mumladzenin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, 2 iyun tarixində keçirilmiş məhkəmədə məsələ ilə bağlı bütün dəlillər müzakirə olunub. Mumladzenin sözlərinə görə, video-dəlillərlə təsdiq olunur ki, məhkəmə saxlanılanlardan heç biri ilə əlaqədar mənfi qərar qəbul etməməlidir.

“Dəlillərin müzakirəsi başa çatanda hakimlə də razılaşdıq ki, qərar qəbul etməlidir ki, başqa vaxt bir də Bolnisiyə getməli olmayaq. Hakim fasilə elan etdi. Fasilədən sonra zala daxil olanda o, bildirdi ki, vaxt kifayət etməyib, bunun üçün vaxt lazımdır və qərarın elan edilməsi 9 iyun tarixində olacaq. Mən düşünürəm ki, o, müstəqil qərar verməyib. Bu cəfəngiyatdır, çünki prosesdə bütün dəlillər təfərrüatı ilə müzakirə olundu və bizim günahsız olduğumuz müəyyən edilirdi. Bu təsdiq edir ki, hakim bu halda müstəqil şəxs kimi hərəkət etmir”, – Qiorqi Mumladze bildirdi.

Qiorqi Mumladzenin sözlərinə görə, şübhə var ki, hakim Levan Bardavelidze fəalları cərimələmək tapşırığı alıb.

29 aprel tarixində Marneuli meriyası qarşısında Simon Mumladzenin Marneuli Üzvi Tullantıların Emalı Müəssisəsinə qaytarılması və onun işdən azad edilməsində günahkar olan şəxslərin həbs edilməsi tələbi ilə etiraz aksiyası keçirilmişdi. Qiorqi Mumladze qardaşı Simon Mumladzenin işdən azad edilməsini öz mülki fəallığı ilə əlaqələndirmiş və bildirmişdi ki, Simonu işdən çıxarılması siyasi qərardır. Məhz həmin etiraz zamanı Qiorqi Mumladze və daha beş mülki fəal həbs olunmuşdu.

Mülki fəallar İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələri ilə ittiham olunublar. Həmin maddələr xırda xuliqanlıq, hüquq mühafizə orqanı əməkdşalarına tabe olmama və onları təhqir etməni nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google